Xəzər Xəbər

Mourinyo: Salahı mənim satdığımı söyləmək böhtandır

İdman | 18:02 • 27 Aprel 2018
Mourinyo:

"Mançester Yunayted”in baş məşqçisi Juze Mourinyu 2015-ci ildə Məhəmməd Salaha "Çelsi”də şans verməməsinə toxunub.

Portuqaliyalı mütəxəssis bunları deyib:

"Salahı mənim satdığımı söyləmək ünvanıma atılan böhtandır. Hər şey başqa cür olmuşdu. Mən, əksinə, "Çelsi”yə Salahı transfer edib gətirənlərdən biri olmuşam. Bu oğlan bizə gələndə uşaq kimi idi, fiziki və psixoloji baxımdan hazırlıqlı deyildi.

Başqa mühit, mədəniyyətə uyğunlaşmaq ona çətin başa gəlirdi. Öz xahişi ilə Salahı "Fyorentina” klubuna icarəyə vermək qərarına gəldik. Odaha çox oyun praktikası qazanmaq istəyirdi.

"Fyorentina”da geri getməyə başladı. Buna görə "Çelsi” futbolçunu satmaq qərarına gəldi. Onun icarəyə göndərilməsinə razılıq vermişdim. Hesab edirdim ki, Salahın buna ehtiyacı var. Digər tərəfdən, "Çelsi”də vinqerlər oynayırdı. Bunlardan Vilyan və Eden Azar hələ də komandadadır.

Onlar səviyyəsini xeyli artırıb. Salahı icarəyə vermək fikrinə kollektiv şəkildə qol qoyduq. Amma onu satıb başqa futbolçu almaq mənim işim deyildi”.

Juze Mourinyu onu da bildirib ki, Salahın cari mövsümkü çıxışı hətta özünü də təəccübləndirib:

"O, kamilliyin pik həddinə çatmış böyük oyunçudur. Salah artıq bir neçə təcrübədən keçib və indi komandasının, məşqçisinin və klubunun oyun üslubuna tamamilə uyğunlaşıb”.

Qeyd edək ki, Məhəmməd Salah Premyer Liqada keçirdiyi 33 matçda 31 qol vurmaqla bombardirlər cədvəlinə başçılıq edir. O, artıq İngiltərə Futbol Assosiasiyasının ən yaxşı futbolçusu adına layiq görülüb.

Xəbər lenti