Xəzər Xəbər

Şəhriyar Məmmədyarov: Maqnus Karlsen kimi güclü şahmatçı ilə heç-heçə normal nəticədir

İdman | 09:24 • 20 Aprel 2018
Şəhriyar Məmmədyarov: Maqnus Karlsen kimi güclü şahmatçı ilə heç-heçə normal nəticədir

Vüqar Həşimovun xatirəsinə həsr olunan Shamkir Chess 2018 superturnirinin birinci turunda Şəhriyar Məmmədyarov (Azərbaycan) dünya çempionu Maqnus Karlsenlə (Norveç) heç-heçə oynayıb.

Partiyadan sonra Ş.Məmmədyarov mətbuat konfransında deyib: "Üstünlüyüm yox idi. Üç il əvvəl Şəmkir turnirində də ilk turda Karlsenlə oynamışdım. O vaxt qara fiqurlarla məğlub oldum. Həmin turnirdə çox pis çıxış etmişdim. Səhv etmirəmsə, ümumilikdə, 4 oyunu uduzmuşdum. Bu dəfə Maqnus hər zaman olduğu kimi, diqqətli idi. Belə rəqiblə görüşdə heç-heçə normal nəticədir”.

Mərhum şahmatçı Vüqar Həşimovla bağlı xatirələrini bölüşən Ş.Məmmədyarov deyib: "Mənim 9 yaşım var idi. Səkkiz yaşlı Vüqarla Şəkidə turnirdə qarşılaşırdıq. Mən şahmata təzə başlamışdım. Həşimov artıq yeniyetmələr arasında Avropa və dünya çempionatının mükafatçısı idi. Yəni, məni asanlıqla məğlub edə bilərdi. Oyundan əvvəl dedi ki, gəl heç-heçə oynayaq. Mən təəccübləndim. Axı bilərəkdən necə heç-heçə etmək olar? Vüqar dedi ki, hansı gedişi oynasam təkrarla. Oyuna başladıq, bütün gedişləri təkrarlayandan sonra gördüm ki, artıq uduzuram. Bir gedişi də təkrar etsəm məğlub oluram. Vüqara dedim ki, uduzuram. Həmin gedişdən sonra mat ola bilərdim. O, məni inandırdı. Dedi gedişi təkrarla. Elə də etdim Nəticədə, partiya heç-heçə başa çatdı. Onun haqqında saatlarla danışa bilərəm. Vüqar gözəl dost, güclü şahmatçı idi. O, həmişə qəlbimizdədir”.

Xəbər lenti