Xəzər Xəbər

"Transfer sehrbazı" "Barselona"dan danışdı: "Yarımfinala adlamaq şansımız 20-30 faizdir"

İdman | 14:59 • 26 Mart 2018
"Transfer sehrbazı" "Barselona"dan danışdı:

"Roma"nın idman direktoru Ramon Monçi İspaniya mətbuatına açıqlama verib.

"Transfer sehrbazı" ləqəbini daşıyan futbol funksioneri Çempionlar Liqasının 1/4 finalında "Barselona" ilə keçirəcəkləri oyunlar haqda danışıb:

"Tək 1/4 finala çıxdığımız üçün deyil, "Atletiko" və "Çelsi" kimi komandaların yer aldığı qrupu lider kimi başa vurduğumuza görə də məmnun olmalıyıq. Bizim üçün çətin il oldu. Baş məşqçimiz dəyişdi. Françesko Totti kimi əfsanəvi futbolçu karyerasını başa vurdu. Daha yaxşısını edə biləcəyimizə inanıram. Avrokuboklardakı çıxışımızdan razıyam. ÇL-də 1/4 finaldayıq və bu da xəyallarımızın davam etdiyini göstərir. Şəxsi səviyyədə Lionel Messi qüsursuz vəziyyətdədir, ancaq "Barselona" tək Messidən ibarət deyil. Messi də futbolun bir komanda oyunu olduğunu anlayıb. Yarımfinala adlamaq şansımız 20-30 faizdir. Ancaq indi 1/4 finalda olduğumuzu anlamalıyıq və növbəti mərhələni arzuetməliyik".

Qeyd edək ki, "Roma" "Qarabağ", "Çelsi" və "Atletiko" ilə eyni qrupda mübarizə apararaq 1/8 finala yüksəlmişdi. Bu mərhələdə isə "canavarlar" "Şaxtyor"u məğlub etmişdi.

Xəbər lenti