Xəzər Xəbər

Pivə almaniyalı olimpiyaçıların qızıl medal qazanmasına kömək edir

İdman | 17:47 • 24 Fevral 2018
Pivə almaniyalı olimpiyaçıların qızıl medal qazanmasına kömək edir

Olimpiada başlanana qədər Olimpiya kəndinə məxsusi olaraq almaniyalı idmançılar üçün 3500 litr alkoqolsuz pivə gətirilib. Amerikada çıxan "The New York Times” qəzetinin yazdığına görə, Almaniya yığmasının üzvü olan idmançıların demək olar hamısı bu içkidən istifadə edir.


Alkoqolsuz pivə alman idmançılara ciddi fiziki gərginlikdən sonra tez bərpa olunmaqda kömək edir. Builki Olimpiadada 15 kilometrlik mass-startda gümüş medal qazanmış biatlonçu Simon Şempp deyir: "Məşqlərdən və ya yarışlardan sonra bu içki ləzzət verir”.


Alkoqolsuz pivənin tərkibində natrium azdır, kalorilərin və karbohidratların miqdarına görə isə o, izotoniklərdən heç də geri qalmır.


AZƏRTAC xəbər verir ki, 2017-ci ildə Berlin marafonunun iştirakçıları finiş xəttinə çatanda onların hərəsinə "Erdinger” firmasının istehsalı olan bir bokal alkoqolsuz pivə verilib.


Almaniya milli yığması Cənubi Koreyaya gələrkən iki növ – parlaq "Pils” və buğdadan hazırlanmış "Weizen” növlü alkoqolsuz pivə, bir də, əlbəttə, yarışları başa vurmuş idmançılar üçün 11 min litr adi pivə gətirib.


Almaniya bazarında alkoqolsuz pivə ilk dəfə 1972-ci ildə Almaniya Demokratik Respublikasında "avtomobilçilər üçün içki” kimi yaranıb. Hazırda 15 istehsalçı 400 növə yaxın alkoqolsuz pivə istehsal edir. Alman pivə istehsalçılarının çoxu bu içkini "atletlər üçün pivə” kimi reklam edir, hətta fitnes-klublarda onu satırlar.

Xəbər lenti