Xəzər Xəbər

Formula-da yeni sürücümüz debüt edə bilər

İdman | 14:51 • 6 Fevral 2018
Formula-da yeni sürücümüz debüt edə bilər

Həmyerlimiz Cavidan Əlizadə kartinq yarışlarında bir neçə qələbə qazandıqdan sonra təcrübəsini artırmaq üçün Malayziyaya yollanıb.


AZƏRTAC "f-1.az” saytına istinadla xəbər verir ki, Kuala-Lumpurda Asiya Avtoidman Federasiyasının başçısı Peter Tomsonla görüşən C.Əlizadə F4 Asia seriyasının testlərində iştirak etməyə dəvət olunub.


İlk testlərdən sonra C.Əlizadə deyib: "Əslində Avropada təcrübəmi artırmağı düşünürdüm. Amma keçən ilin noyabrında Bakıda səfərdə olan Daniel Rikkardo ilə görüşüm zamanı onun dəyərli məsləhətinə qulaq asmağı qərara aldım. Daniel mənə Asiyaya və ya Avstraliyaya üz tutmağı məsləhət gördü. Mən də internetlə axtardım, Tomsonla əlaqə qurdum və dəvətini qəbul edərək Kuala Lumpura gəldim. Fiziki hazırlığımı yoxladılar və çox razı qaldılar. Trasda ilk testlərə qatıldım. Elə ilk cəhdimdən maşına dərhal öyrəşdim. Hər dövrə nəticələrimi də yaxşılaşdırdım. Hazırda mühəndislərlə iş prinsipini öyrənirəm. Əgər normal nəticələr göstərsəm, böyük ehtimalla bu seriyada yarışacağam. Əlbəttə, hər bir sürücü kimi mən də nə vaxtsa ölkəmizi Formula1-də təmsil etmək barədə düşünürəm”.

Xəbər lenti