Xəzər Xəbər

“Pxençxan-2018”in açılış mərasimi məşqlərindən fotoşəkillər yayılıb

İdman | 15:32 • 31 Yanvar 2018
“Pxençxan-2018”in açılış mərasimi məşqlərindən fotoşəkillər yayılıb

"Reuters” agentliyi "Pxençxan-2018” Qış Olimpiya Oyunlarının açılış mərasimi məşqlərindən, habelə Olimpiya məşəlinin test alovlandırılmasından fotoşəkillər yayıb. Halbuki məşqlər ənənəvi olaraq son anadək tam məxfi saxlanılmalıdır.


AZƏRTAC xəbər verir ki, bu barədə Koreyanın "Yonhap” agentliyi məlumat yayıb.


"Reuters” agentliyi ötən bazar günü Pxençxanda keçirilmiş məşqlərdən çox aydın çəkilmiş doqquz fotoşəkli yayıb. Fotoşəkillərdə beş barmağın rəmzi olan beş dayaq üzərində piyalə görünür. Alov piyaləyə yönəlmiş nəhəng mil boyunca qaldırılır.


Beynəlxalq Olimpiya Komitəsi bu məsələyə agentliyin reportyor və fotoqraflarını mərasimə buraxmaqdan məhrum etməklə cavab verib. Komitə, həmçinin fotoqraflardan birinin akkreditasiyasını ləğv edib və media şirkətlərindən "Reuters”in fotoşəkillərini öz saytlarından yığışdırmağı xahiş edib.


"Reuters” fotoşəkilləri səhvən yerləşdirdiyini bildirib, onları saytdan götürüb və təşkilatçılara "narahatlıq yaratdığı” üçün onlardan üzr istəyib. "Pxençxan-2018” Olimpiya Oyunlarının təşkilat komitəsində jurnalistlər və digər KİV nümayəndələrinə qaydaları pozacaqları halda sərt cəzalandırılacaqları barədə xəbərdarlıq olunub.


Xatırladaq ki, Pxençxanda Qış Olimpiya Oyunları fevralın 9-da başlayacaq.

Xəbər lenti