Xəzər Xəbər

Dünya çempionatının oyunlarına 4 milyondan çox bilet sifariş olunub

İdman | 15:50 • 26 Yanvar 2018
Dünya çempionatının oyunlarına 4 milyondan çox bilet sifariş olunub

Azarkeşlər 2018-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının oyunlarına bilet almaq üçün satışların ikinci mərhələsinin gedişində 4 milyondan çox sifariş veriblər. Bu barədə Beynəlxalq Futbol Federasiyasının (FIFA) mətbuat xidməti məlumat yayıb.


AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, yanvarın 26-dək sifariş edilən biletlərin sayı 4 milyon 21 min 211 ədəd olub. Sifarişlərin əksəriyyəti Rusiya azarkeşləri tərəfindən edilib. Müraciətlərin sayına görə növbəti yerlərdə Almaniya, Argentina və Meksika qərarlaşıb. Hazırkı mərhələdə dünya çempionatının oyunlarını stadionlarda izləmək istəyən xarici ölkə vətəndaşlarının payı 45 faizdir.


Bilet satışlarının ikinci mərhələsi dekabrın 5-də start götürüb və aprelin 3-nə qədər davam edəcək. Əgər sifarişlərin miqdarı stadionlarda ayrılan yerlərdən çox olarsa, biletlər püşkatma yolu ilə satılacaq. Bu mərhələdə çempionatın açılış və final oyunları istisna olmaqla, bütün oyunlara bilet sifariş etmək mümkündür.


Bundan sonra aprelin 18-dən başlayaraq biletlərin canlı növbə ilə satılacağı "son an” mərhələsi iyulun 15-də - dünya çempionatının final oyunu günündə başa çatacaq.


Xatırladaq ki, FİFA dünya çempionatı oyunlarına biletlərin qiymətini 2016-cı ilin iyulunda elan edib. Biletlər dörd qiymət kateqoriyasına bölünüb və onlardan biri xüsusi olaraq RF vətəndaşları üçündür. Açılış və final oyunları nəzərə alınmadan, üçüncü kateqoriya üzrə biletlərin qiyməti 105-285 dollar, ikinci kateqoriya üzrə 165-480 dollar, birinci kateqoriya üzrə isə 210-750 dollar arasında dəyişir.


Futbol üzrə dünya çempionatının oyunları 2018-ci il iyunun 14-dən iyulun 15-dək Rusiyanın 11 şəhərində keçiriləcək.

Xəbər lenti