Xəzər Xəbər

"Real"da inqilab: ikisi də gedir

İdman | 16:40 • 17 Yanvar 2018
"Real"da inqilab:

İspaniya La Liqasında son 3 matçda qələbə qazana bilməyən və lider "Barselona"dan 19 xal geri düşən "Real"da baş məşqçi Zinəddin Zidan hədəfə çevirilib. Madrid klubuna iki dəfə Çempionlar Liqasını, Avropa Super Kubokunu, klublararası dünya çempionluğunu, bir dəfə La Liqanı və İspaniya Super Kubokunu qazandıran mütəxəssis uğursuzluğun səbəbkarı olaraq göstərilir.


"Real" cari mövsümdə La Liqada 9 qələbə qazanıb, 5 heç-heçə edib və 4 dəfə məğlub olub. 18 matçın yarısında xal itirən Madrid klubu "Betis", "Girona", "Barselona" və "Vilyarreal"la oyunlarda meydanı xalsız tərk edib. Maraqlıdı ki, liderdən 19 xal geri düşən "Kral Klubu" təhlükəli zonada qərarlaşan "Deportivo"dan cəmi 16 xal öndədi.


Son iki mövsümdə Çempionlar Liqasının qalibi olan komanda bu mövsüm turnirin qrup mərhələsini ikinci pillədə başa vurub və 1/8 finalda PSJ-yə rəqib olub.


Ötən mövsümlərdə "Real"ın heyətində bir çox uğurlara imza atan Kriştiano Ronaldo da performansı ilə xəyal qırıqlığı yaradır. Portuqaliyalı ulduz çempionatdakı 14 oyunda cəmi 4 qol vura bilib. O, oynadığı digər turnirlərdə isə 10 matçda 12 dəfə fərqlənib.


Uğursuz çıxış Ronaldonun komandadan gedişinə səbəb ola bilər. Artıq portuqaliyalı ulduzun komandanı tərk edəcəyi və "Mançester Yunayted"ə dönəcəyi deyilir. Və bu iddialar günü gündən güclənir.


Ötən illərdə daim heyətə ulduz futbolçular qatan "Real"ın prezidenti Florentino Peres isə bu mövsüm önəmli bir transfer etməyib. Alvaro Moratanın mövsümün əvvəlində "Çelsi"yə satılmasından sonra hücum xəttinə əlavə futbolçu transfer olunmadı. Moratanın gedişindən sonra hücum xəttində tək qüvvə Kərim Benzema qaldı. Fransız ulduzun aldığı zədələr və formada olmaması ciddi problemlərin yaranmasına səbəb oldu.


Üstəlik Danilonun "Mançester Siti"yə, Xames Rodrigesin "Bavariya"ya, Mariano Diazın "Lion"a, Pepenin "Beşiktaş"a gedişi komandanın böyük ölçüdə zəifləməsi ilə nəticələndi.


Artıq futbolçu və məşqçi karyerası ərzində "Real"la bir çox uğurlara imza atmış Zinəddin Zidan da klub və azarkeşlərin tənqid hədəfinə çevirilib. Rafael Benitesin 2015/18 mövsümünün XVIII turunda istefasından sonra bu posta təyin edilən fransız mütəxəssis uğursuzluğun əsas səbəbkarı olaraq göstərilir. Bu səbəbdən də onun mövsümün sonunda yola salınacağı deyilir.


Fanat.Az

Xəbər lenti