Xəzər Xəbər

Azərbaycanlı güləş hakimi beynəlxalq karyerasını başa vurub - FOTO

İdman | 14:56 • 6 Dekabr 2017
Azərbaycanlı güləş hakimi beynəlxalq karyerasını başa vurub -

Güləş üzrə birinci dərəcəli hakim Qərib Əliyev beynəlxalq karyerasını başa vurub.

Azərbaycan Güləş Federasiyasından xezerxeber.az-a bildiriblər ki, Dünya Güləş Birliyinin təlimatına uyğun olaraq, hakimlər 60 yaşınadək beynəlxalq yarışları idarə etmək hüququna malikdirlər.

Qərib Əliyev ötən həftə Polşanın Bıdqoş şəhərində keçirilən 23 yaşadək güləşçilər arasında dünya çempionatında sonuncu beynəlxalq görüşünü idarə edib. Sərbəst güləş üzrə 74 kiloqram çəki dərəcəsində final görüşünü idarə edən beynəlxalq dərəcəli hakim qarşılaşma başa çatdıqdan sonra həmkarlarının və azarkeşlərinin alqış sədaları altında xalça ilə vidalaşıb.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç, eləcə də Büronun, Hakimlər Kollegiyasının üzvləri həmyerlimizi təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

İyirmi beş ilə yaxındır beynəlxalq dərəcəli hakim kimi müxtəlif yarışlarda ölkəmizi təmsil edən Qərib Əliyev həm də məşqçilik fəaliyyəti ilə məşğuldur. Onun yetirmələri müxtəlif səviyyəli beynəlxalq turnirlərdə, Avropa və dünya çempionatlarında mükafatçılar sırasında yer alıblar. Qərib Əliyev ölkəmizdə güləşin inkişafındakı xidmətlərinə görə Azərbaycan Prezidentinin Sərəncamı ilə "Tərəqqi” medalı ilə təltif edilib, Əməkdar Məşqçi, eləcə də Fəxri Bədən Tərbiyəsi Və İdman İşçisi fəxri adlarına layiq görülüb.

Xəbər lenti