Xəzər Xəbər

Dieqo Perotti: “Qarabağ” boşluqları bağlamışdı"

İdman | 09:57 • 6 Dekabr 2017
Dieqo Perotti: “Qarabağ” boşluqları bağlamışdı"

"Qarabağ” həqiqətən boşluqları bağlamışdı. Rəqib öz oyununu oynayırdı. Biz isə öz məqamımızı gözləyirdik”.

"Report” xəbər verir ki, bunu İtaliya təmsilçisi "Roma”nın futbolçusu Dieqo Perotti Çempionlar Liqasının qrup mərhələsinin VI turunda "Qarabağ” üzərində 1:0 hesablı qələbəni şərh edərkən deyib.

Matçın 53-cü dəqiqəsində vurulan yeganə qolun müəllifi olan argentinalı hücumçu bildirib ki, 1/8 finala qrup qalibi kimi yüksəlmək fantastik nəticədir. O, bu cür qarşılaşmaların təhlükəli olduğunu söyləyib: "İlk matçda heç-heçə edəndən sonra heç kim bizə inanmırdı. Lakin biz başımızı aşağı salıb, səylə işləyirdik. Finişdə zirvədə olmağa layiqik. Bu cür oyunlar çox təhlükəli olur. Biz birlikdə çalışdıq və qalib gəldik. İndi bu andan həzz almalıyıq”.

Qeyd edək ki, İngiltərə çempionu "Çelsi” ilə eyni – 11 xala malik "Roma” şəxsi oyunlara görə 1/8 finala C qrupunun qalibi qismində yüksəlib. 7 xalla 3-cü yeri tutan İspaniya "Atletiko”su isə mübarizəni Avropa Liqasında davam etdirəcək.

Xəbər lenti