Xəzər Xəbər

Daxili işlər orqanlarının əməkdaşları cui-citsu üzrə dünya çempionatında qalib gəliblər - FOTO

İdman | 14:45 • 5 Dekabr 2017
Daxili işlər orqanlarının əməkdaşları cui-citsu üzrə dünya çempionatında qalib gəliblər -

Azərbaycan idmanının dünya miqyasında təşkil olunan beynəlxalq yarışlarda tanınmasında daxili işlər orqanlarının əməkdaşlarının xüsusi rolu var. Əldə etdikləri nailiyyətlərlə daim bayrağımızı dalğalandıran və himnimizi səsləndirən idmançı polis əməkdaşları bu dəfə də ənənələrinə sadiq qalıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dekabrın 1-dən 4-dək Minskdə ayrı-ayrı beynəlxalq federasiyaların birgə təşkilatçılığı ilə yeddinci "Döyüş Növlərinin Dünya Oyunları” yarışları keçirilib. Çempionatda 71 ölkədən 4 minədək idmançı 16 döyüş növü üzrə güclərini sınayıblar.

Yarışda ölkəmizi Daxili İşlər Nazirliyinin (DİN) İdman Cəmiyyətinin beş üzvü təmsil edib. Oyunların tərkibində keçirilən ciu-citsu üzrə dünya çempionatında polis idmançılarımız bacarıq və peşəkarlıq nümunələri göstərərək yüksək nəticələr əldə ediblər.

Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi, polis mayoru Eldar Abdullayev 86 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək çempionatın qızıl medalını qazanıb. İdmançılarımızın nəticələri bununla yekunlaşmayıb. Çempionatda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının baş inspektoru, polis mayoru Həsən Əliyev 80 kiloqram çəki dərəcəsində və DİN-in İdman Cəmiyyətinin inspektoru polis baş leytenantı Elşən İbişov 94 kiloqram çəki dərəcəsində final mərhələsinə qədər irəliləyərək gümüş medala sahib çıxıblar.

Azərbaycanı yarışlarda təmsil edən nümayəndə heyətinin rəhbəri əməkdar məşqçi Rəsul Məmmədov komandanın üzvləri adından yarış iştirakçılarına yaradılan şəraitə, diqqət və qayğıya görə DİN rəhbərliyinə, eləcə də respublikamızın Belarusiyadakı səfirliyinin əməkdaşlarına təşəkkürünü bildirib.

Xəbər lenti