Xəzər Xəbər

Sidneydə keçirilmiş Yay Olimpiya Oyunlarının əsas stadionu söküləcək

İdman | 09:43 • 24 Noyabr 2017
Sidneydə keçirilmiş Yay Olimpiya Oyunlarının əsas stadionu söküləcək

Avstraliyanın Yeni Cənubi Uels ştatının hökumət orqanları Sidneydə yerləşən iki böyük stadionun sökülməsi barədə qərar qəbul edib.


AZƏRTAC xəbər verir ki, bu stadionlardan biri 2000-ci ildə Sidneydə baş tutan Yay Olimpiya Oyunlarının əsas idman tədbirlərinin keçirildiyi ANZ stadionu, digəri isə Mor-parkda yerləşən "Allianz” arenasıdır.


Ştatın qubernatorunun bildirdiyinə görə, məqsəd dünyanın aparıcı idman klublarının və təşkilatçıların diqqətini həmin ştatın idman arenalarına yönəltməkdir.


Təqribən 44 min tamaşaçı tutumu olan "Allianz” stadionu 1988-ci ildə istifadəyə verilib və burada əsasən yerli komandaların ev oyunları keçirilir. İnşaat işlərinin gələn il başlanacağı və üç il davam edəcəyi bildirilir. Yeni arenanın tutumu 45 min tamaşaçı yeri olacaq.


Sidneyin qərbində yerləşən ANZ stadionu isə 1999-ci ildə istifadəyə verilib. Burada əsasən milli çempionatların final oyunları təşkil olunur. Stadionun 2019-cu ildə söküləcəyi və onun yerində 2022-ci ilədək yeni arenanın inşa ediləcəyi bildirilir.


İlkin hesablamalara görə, yeni idman arenalarının tikintisinin ümumi dəyəri 1,955 milyard Avstraliya dolları (təqribən 1,5 milyard ABŞ dolları) təşkil edəcək.

Xəbər lenti