Xəzər Xəbər

"Qəbələ" səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib

İdman | 09:25 • 20 Noyabr 2017
"Qəbələ" səfərdə "Neftçi"yə 3:2 hesabı ilə qalib gəlib

Noyabrın 19-da futbol üzrə Azərbaycan Premyer Liqasının XII turunun son matçında "Neftçi" klubu doğma meydanda "Qəbələ"ni qəbul edib.

Baş hakim Rauf Cabbarovun idarə etdiyi oyun "Qəbələ"nin 3:2 hesablı əzmkar qələbəsi ilə başa çatıb.

"Neftçi"nin heyətində qolları 19-cu dəqiqədə Emin Mahmudov, 48-ci dəqiqədə Kirill Petrov vurublar. "Qəbələ"nin heyətində isə 21-ci dəqiqədə Baqali Dabo, 56-cı dəqiqədə 11 metrlik cərimə zərbəsindən Ruslan Qurbanov, 80-ci dəqiqədə isə Stiven Monroz fərqləniblər.

Bu oyunda Azərbaycan milli komandasının futbolçusu Emin Mahmudov "Neftçi"nin heyətində ilk qolunu vurub.

"Qəbələ"nin fransalı hücumçu Baqali Dabo aktivindəki qolların sayını altıya çatdıraraq çempionatın bombardirləri siyahısında vahid lider olub.

"Qəbələ" klubu bu qələbədən sonra aktivinə üç xal əlavə edərək xallarının sayını 25-ə çatdırıb və üçüncü pillədəki mövqeyini möhkəmləndirib. Paytaxt təmsilçisi isə 13 xalla beşinci yerdə qərarlaşıb.

Eyni zamanda, "Qəbələ" "Neftçi" ilə Azərbaycan çempionatının oyunlarında qələbə sayında bərabərləşib. Hər iki komandanın hesabında 15 qalibiyyət mövcuddur.

Qeyd edək ki, turnir cədvəlinə 28 xalla "Qarabağ" başçılıq edir. "Zirə" klubu 27 xalla ikinci pillədədir. İlk üçlükdə isə 25 xalla "Qəbələ" qərarlaşıb. Digər pillələrdə müvafiq olaraq "Sumqayıt" (16), "Neftçi" (13 xal), "Səbail" (12), "Keşlə" (8) və "Kəpəz" (7) yer alıblar.

Xəbər lenti