Xəzər Xəbər

Nyu-York marafonu: 50 min iştirakçı və 1 milyon tamaşaçı

İdman | 15:34 • 4 Noyabr 2017
Nyu-York marafonu: 50 min iştirakçı və 1 milyon tamaşaçı

Noyabrın 5-də ABŞ-ın Nyu-York şəhərində keçiriləcək marafonda 50 min insan iştirak etmək niyyətindədir. Tədbirin təşkili zamanı idmançıların və tamaşaçıların təhlükəsizliyin təmin olunmasına xüsusi diqqət ayrılıb.


AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, şəhərin hökumət orqanları bunun üçün lazımi tədbirlər görüldüyünü bildirib: Təkcə Manhettendə deyil, bütün rayonlarda fövqəladə vəziyyətlər şöbəsinin müşahidəçi komandalarının, binaların damlarında yerləşəcək müşahidə məntəqələrinin və snayper əleyhinə komandaların sayı iki dəfə artırılıb. Ağır silahlı komandaların da sayı çoxaldılıb.


Əlavə təhlükəsizlik tədbirləri barədə qərar oktyabrın 31-də şəhərin Manhetten rayonunda 8 nəfərin ölümü, 12 nəfərin yaralanması ilə nəticələnən terror hücumundan sonra qəbul edilib.


Xatırladaq ki, Nyu-York marafonu dünyada ən kütləvi və populyar tədbirlərdən biridir. Bu marafona yüzdən artıq ölkəni təmsil edən on minlərlə idmançı ilə yanaşı, bir milyondan çox tamaşaçının da gələcəyi gözlənilir.

Xəbər lenti