UEFA Çempionlar
Liqasının qrup mərhələsinin III turu çərçivəsində keçirilən "Qarabağ” -
"Atletiko” (0:0) matçından sonra qonaqların baş məşqçisi Dieqo
Simeonenin oyunsonrası mətbuat konfransı təşkil edilib.
Argentinalı mütəxəssis sualları cavablandırıb:
- Gözlənilməz nəticədir...-
Bəli, gözlənilməz nəticə oldu. İlk hissədə bir neçə qol fürsəti
yaratsaq da, fərqlənə bilmədik. Bu epizodları boşa verməyimiz komandanın
üzərində təzyiq yaratdı. Komandada xal itirmək qorxusu yarandı ki,
sonda belə də oldu. Bu oyunu unudub, qarşıdakı matçlara köklənəcəyik. Bu
yaxınlarda klubla yeni müqavilə imzaladım. Qarşıdakı oyunlarda daha
yaxşı nəticələr qazanmağa çalışacağıq.
- "Qarabağ”ın oyunu barədə nə deyə bilərsiz?-
Rəqibin heyətində əsasən, qapıçının (İbrahim Şehiç) oyununu
fərqləndirərdim. İlk hissədə Qrizmann və Karraskonun zərbələrini
zərərsizləşdirdi. Bundan əlavə, "Qarabağ” müdafiədən hücuma yaxşı çıxırdı.
- Komanda bu gün hərəkətsiz görünürdü. Bu gün "Atletiko”da nə çatışmırdı?-
Bu fikirlə razı deyiləm. Komandada fiziki çatışmazlıq yoxdu. Sadəcə,
yaratdığımız qol fürsətlərindən istifadə edə bilmədik. Bu da, ikinci
hissədə komandanın üzərində təzyiq yaratdı. Bu gün yaxşı oynadıq,
sadəcə, qol vura bilmədik.
- Necə düşünürsüz, bu gün "Qarabağ” 1 xal qazandı, yoxsa "Atletiko” iki xal itirdi?-
Buna cavab verə bilmirəm. Tənqid edən jurnalistlər var, bu suala onlar
cavab verə bilər. Bu oyunda 3 xala ehtiyacımız var idi. Rəqib də bundan
istifadə edib, bizi əks-hücumda cəzalandırmaq istəyirdi ki, bu da,
onlarda alınmadı.
- "Atletiko” 4 oyundu qələbə qazana
bilmir. Bu oyunlarda gücünə görə yalnız "Barselona”nı xüsusi
fərqləndirmək olar. Bu göstəricidən narahat deyilsiz ki?- Xeyr, bu məni narahat etmir. Çünki pis oynamırıq. Futbolçular meydanda mübarizə aparırlar. (Qol.az)