Xəzər Xəbər

"Rio-2016"nın Təşkilat Komitəsinin sədri həbs olunub

İdman | 15:17 • 5 Oktyabr 2017
"Rio-2016"nın Təşkilat Komitəsinin sədri həbs olunub

Braziliya Milli Olimpiya Komitəsinin (MOK) prezidenti və 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının Təşkilat Komitəsinin sədri Karlos Artur Nuzman həbs olunub. "Report"un "Estadio" qəzetinə istinadən verdiyi məlumata görə, Nuzman korrupsiyada şübhəli bilinir.

Rio-de-Janeyronun ötənilki Oyunların təşkilatçısı seçilməsi müqabilində onun 2 milyon dollar rüşvət verdiyi güman olunur. Həbs 2016-cı ilin sentyabrından başlanan "Ədalətsiz oyun" əməliyyatı çərçivəsində həyata keçirilib. Həmin vaxt Nuzmanın evində və MOK binasında axtarışlar aparılıb. İşi Braziliya Fransa, Antiqua və Barbuda ilə müştərək aparır.

Qeyd edək ki, 2016-cı il Yay Olimpiya və Paralimpiya Oyunlarına Bakı da iddiaçı olub. Beynəlxalq Olimpiya Komitəsinin oktyabrın 2-də Danimarkanın paytaxtı Kopenhagendə keçirilmiş 121-ci Sessiyasındakı səsvermə nəticəsində Rio-de-Janeyro Madridə 66:32 səs nisbəti ilə qalib gəlib. Həmin olimpiadaya iddiaçılar sırasında Bakı da yer alsa da, "qısa siyahı"ya düşə bilməyib. Sayca XXXI yay olimpiadası ötən ilin 5 - 21 avqustunda keçirilib. Bu, Cənubi Amerikada keçirilmiş ilk olimpiada olub.

Xəbər lenti