DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah Çexiyanı qəbul edəcək Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
XəzərXəbər xəbər verir ki, xorvat mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Sabah seçmə mərhələdə son ev oyununa çıxacağıq. Çexiya millisi son oyunlarda uğursuz çıxış etsə də, güclü rəqibdir. Bizi çətin oyun gözləyir. Onların oyununu analiz etmişik. İnanıram ki, sabah yaxşı nəticə qazana biləcəyik.
- Sabah penalti olsa, bu zərbəni Rəşad Sadıqovun vurması
üçün şərait yaradacaqsız?
- Artıq 3 ildir Azərbaycandayam. Mən gələndən Rəşad millinin
kapitanıdır. Məhz mənim rəhbərliyim altında 100-cü oyununu keçirib.
Millinin əsas üzvlərindən biri olub. Sabah penalti olsa, şəxsən mən
imkan vermərəm vursun. Niyə? Çünki birdən vura bilməsə, onda necə
olacaq?
Bu vaxt Rəşad Sadıqov Prosineçkinin sözlərinə əlavə olaraq "Məncə, bu, düzgün deyil. Bu zərbələri kim yaxşı yerinə yetirirsə, o da vurmalıdır. Məşqçi olsam da, bu qərarı verərdim” deyib.
- Bu oyuna köklənmə ilə bağlı problem yoxdur
ki?
- Sabah son ev oyunumuzu keçirəcəyik. Buna görə, motivasiya ilə
bağlı heç bir problemimiz yoxdur.
- Rəşad Sadıqovun əsas əvəzləyicisi kimi hansı oyunçunu
görürsüz?
- Futbolçu həyatı elədir ki, çox qısa çəkir. Rəşadın da dediyi kimi
hər şeyin sonu var. Əsas odur, nə vaxt getməli olduğunu biləsən.
Rəşad Azərbaycan futbolunun görkəmli simalarından biridir. O ki
qaldı onu kimin əvəz etməsinə, indi bu barədə danışmaq istəmirəm.
Çünki sabahkı matça köklənmişəm.