Xəzər Xəbər

Bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionu məlum olacaq

İdman | 11:14 • 1 Oktyabr 2017
Bu gün qadınlar arasında voleybol üzrə Avropa çempionu məlum olacaq

Oktyabrın 1-də qadınlar arasında voleybol üzrə Avropa çempionatına yekun vurulacaq.

Xezerxeber.az məlumat verir ki, çempionatın sonuncu günündə bürünc və qızıl medallar uğrunda görüşlər keçiriləcək. Finalda Serbiya və Niderland milliləri çempion adı uğrunda mübarizə aparacaqlar. Azərbaycan millisi isə Türkiyə yığması ilə üçüncü yer uğrunda yarışacaq. Milli komandamız bu oyunda qalib gəlsə, bu, Azərbaycan voleybolçularının Avropa çempionatları tarixində ən yaxşı nəticəsi olacaq.

Ötən gün keçirilən yarımfinal görüşündə Azərbaycan millisi güclü Niderland səddini keçə bilməyib – 2:3. Serbiya yığması isə yarımfinalda Türkiyə millisinə 3:0 hesabı ilə qalib gəlib.

Sentyabrın 22-də start götürən çempionatın final mərhələsi Azərbaycanın və Gürcüstanın birgə ev sahibliyi ilə təşkil olunub. Çempionatda 16 komanda dörd qrupda mübarizə aparıb. Azərbaycan millisi Almaniya, Polşa və Macarıstan yığma komandaları ilə birgə yer aldığı "A” qrupunu ilk sırada başa vuraraq dörddəbir finala birbaşa vəsiqəni təmin edib. Dörddəbir finalda Almaniya yığmasını 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksələn milli komandamız yarımfinalda Niderland kollektivi ilə görüşdən sonra üçüncü yer uğrunda mübarizə aparmalı olub.

Xatırladaq ki, Azərbaycanın qadın voleybolçuları Avropa çempionatlarında ən yaxşı nəticəni 2005-ci ildə Xorvatiyada keçirilən qitə birinciliyində göstəriblər. Həmin vaxt millimiz Avropa çempionatlarında ilk dəfə iştirak etməsinə baxmayaraq, dördüncü yeri tutub. Azərbaycanın qadın voleybolçuları həmin çempionatdan başlayaraq, sonrakı qitə birinciliklərinin final mərhələlərində çıxış ediblər.

Xəbər lenti