Xəzər Xəbər

AFFA bu futbolçuları cəzalandırdı

İdman | 15:48 • 27 Sentyabr 2017
AFFA bu futbolçuları cəzalandırdı

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

İclasda Azərbaycan Premyer Liqasının VI turunda baş vermiş hüquq pozuntuları ilə əlaqədar tədbirlər görülüb.

"Sumqayıt”la matçın 88-ci dəqiqəsində ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırılan "Qarabağ”ın futbolçusu Miçel 1 oyunluq cəzalanıb, klubu 200 manat cərimə olunub.

"İnter”lə görüşdə 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Zirə"yə 800 manat cərimə kəsilib. 88-ci dəqiqədə "İnter”in futbolçusu İlkin Qırtımov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat ziyana düşüb.

Oyun başa çatdıqdan sonra "İnter”in məşqiçisi Cəmaləddin Əliyev hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 4000 manat cərimə olunub.

"Səbail”lə görüşdə 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün "Kəpəz" 800 manat cərimələnib.

"Neftçi” ilə matç başa çatdıqdan sonra "Qəbələ”nin futbolçuları Stiven Jozef-Monroz ilə Ruslan Qurbanov arasında mübahisə baş verib. Jozef-Monroz öz komanda yoldaşına əl ilə zərbə endirib.

"Qəbələ” klubu İntizam Komitəsinə müraciət edərək futbolçunun öz növbəsində daxili nizam-intizam qaydalarına uyğun olaraq klubdaxili cəzalandırıldığını və futbolçular arasında baş vermiş münaqişənin həll olunduğunu nəzərə alaraq futbolçuya veriləcək cəzanın azaldılmasını xahiş edib. Bunları nəzərə alan İntizam Komitəsi qərara alıb ki, Jozef-Monroz aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 4 oyun cəzalansın, klub 3200 manat cərimə olunsun. Futbolçuya verilmiş 4 oyun cəzanın 2 oyunu şərti cəza kimi tətbiq edilib və ona 6 ay sınaq müddəti verilib. Sınaq müddəti ərzində futbolçu yenidən cəzalanacağı təqdirdə, sanksiyanın növbəti hissəsi qüvvəyə minəcək.

Xəbər lenti