Ötən gün Litvanın Klaypeda şəhərində hərbçilər arasında güləş üzrə 32-ci Dünya çempionatına start verilib.
Müdafiə Nazirliyindən
XəzərXəbər-ə verilən məlumata görə, yarışın birinci günündə Azərbaycanın altı idmançısı mübarizəyə qoşulub.
Sərbəst
güləşçilərimiz Əfqan Xaşalov (57 kq), Qalib Əliyev (61 kq), Ağahüseyn
Mustafayev (65 kq), Coşqun Əzimov (70 kq) və qadın güləşçilərimizdən
Türkan Nəsirova (48 kq) Tatyana Varantsova (53 kq) xalça üzərinə
çıxıblar.
Yarışın ilk günü Azərbaycan
idmançıları üçün uğurlu olub. Yığmamızın üzvləri bir qızıl, bir gümüş,
üç bürünc medal qazanıblar. Qızıl medalı millimizin aktivinə Qalib
Əliyev yazdırıb. Sərbəst güləşçimiz 61 kiloqram çəki dərəcəsində yarışın
finalında amerikalı Rayn Menqlanı 8:4 hesabı ilə məğlub edərək dünya
çempionu olub.
Yığmamızın üzvü Əfqan Xaşalov (57 kq) Rumıniya güləşçisi Dukuk Andreyi 8:1 hesabı ilə məğlub edərək bürünc medala layiq görülüb.
Ağahüseyn
Mustafayev (65 kq) iranlı Mehran Nasirini 4:3 hesabı ilə məğlubiyyətə
uğradaraq üçüncü pillədə qərarlaşıb. Coşqun Əzimov (70 kq) isə polşalı
Mateus Pisariskini 11:5 hesabı ilə məğlub edərək bürünc medala layiq
görülüb.
Güləşçimiz Türkan Nəsirova (48 kq) Çin idmançısı Jou Çengçengi 8:5 hesabı ilə məğlub edərək gümüş medala sahib olub.
İlk görüşdə məğlub olan Tatyana Varantsova isə mübarizəni dayandırıb.
Azərbaycan
Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) komandasının
qatıldığı hərbçilərin güləş üzrə 32-ci dünya çempionatında 22 ölkədən
320-yə yaxın idmançı iştirak edir. Yarış iştirakçılarının yarıdan çoxu
Olimpiya, dünya və Avropa çempionatlarının mükafatçılarıdır.
Azərbaycan
nümayəndə heyətinin rəhbəri, MOİK-in rəisi polkovnik-leytenant Rəşad
Quliyev, sərbəst güləş üzrə komandamızın rəhbəri Nazim Əlicanov,
yunan–Roma güləşi üzrə komandamızın rəhbəri isə Taleh İsrafilovdur. Azərbaycan nümayəndə heyətinin tərkibinə beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov və Tural Əliyev də daxildir.