Xəzər Xəbər

Neymar diqqət mərkəzinə düşdü

İdman | 15:03 • 16 Avqust 2017
Neymar diqqət mərkəzinə düşdü

Fransanın PSJ klubuna keçidi ilə dünyanın ən bahalı futbolçusuna çevrilən Neymar daha bir əlamətdar hadisə ilə diqqət mərkəzinə düşüb.

Braziliyalı futbolçu BMT-nin "Handicap İnternational” adlı xeyriyyə fonduna xoşməramlı səfir təyin olunub.

1982-ci ildə BMT-nin nəzdində əsası qoyulan bu fond müharibədə əziyyət çəkən ölkələrdə minaların təmizlənməsi ilə bağlı uzun müddətdir ki, yardım kampaniyası keçirir.

İsveçrənin Cenevrə şəhərində keçirilən tədbirdə dünyanın ən bahalı transferi Neymar ilə yanaşı, beynəlxalq təşkilatın bir sıra rəsmi şəxsləri də iştirak ediblər. Mərasimdə iştirak edən braziliyalı futbolçu belə bir etimada layiq görüldüyü üçün təşəkkür edib.

O deyib: "Üzərimə düşən məsuliyyətin və vəzifənin önəmini dərk edirəm. Əlimdən gələn hər bir köməkliyi etməyə hazıram. Müasir dünyamız dayanmadan dəyişir. Buna görə də biz bir olmalı, istənilən problemlərə qarşı mübarizə aparmalıyıq”.

Xatırladaq ki, yeni klubu ilə ilk oyununu "Qenqam” komandasına qarşı keçirən Neymar debüt matçında fərqlənməyi bacarıb və PSJ komandası rəqibinə 3:0 hesabı ilə qalib gəlib.

Xəbər lenti