Xəzər Xəbər

Qarabağ zəfərindən sonra Xəzər zəfəri VİDEO

Veb TV | 19:48 • 24 Yanvar 2021
Qarabağ zəfərindən sonra Xəzər zəfəri

Azərbaycanın cəbhədə qazandığı zəfər onun diplomatik uğurlarını və ölkənin siyasi çəkisini daha da artırır. Ekspertlər düşünür ki, məhz qələbədən sonra Türkmənistanla "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı memorandumun imzalanması Azərbaycanın növbəti diplomatik uğurudur. Başqa sözlə desək ''Qarabağ zəfəri''ni ''Xəzər zəfəri'' davam etdirdi.



Hər zaman regional sülh və əməkdaşlığı özünün xarici siyasətində əsas istiqamətə çevirən Azərbaycanın Vətən Müharibəsindəki qələbədən sonda nüfuzu daha da genişlənir. Bu da təbiidir, çünki, Azərbaycaın uzun illərdir dünyanın supergüclərinin rəhbərliyində həll edilməyən məsələni öz gücünə həll etməsi rəsmi Bakı ilə əməkdaşlıq etmək istəyənlərin sayını artırır.


Azərbaycanın Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri, eləcə də artıq istifadədə olan Cənub Qaz Dəhlizi kimi meqa enerji infrastrukturu onsuz da region ölkələri tərəfindən diqqətlə izlənirdi. Bu meqa layihələrlə yanaşı Azərbaycanın siyasi arenada da qətiyyətli mövqe nümayiş etdirərək öz ərazi bütövlüyünü təmin etməsi ölkənin siyasi çəkisini daha da artırıb. Türkmənistanla "Dostluq" yatağının birgə işlənməsi ilə bağlı memorandumun imzalanması məhz bunun bariz nümunəsidir.


Millət vəkili Bəhruz Məhərrəmov bildirir ki, iki ölkə arasındakı razılıq həm də ona görə vacibdir ki, imzalanan memorandum prosesə indiyə qədər müdaxilə edən 3-cü tərəfləri meydandan kənarda qoymuş oldu.


Millət vəkilinin sözlərinə görə Türkmənistanla ilk dəfə bu qədər böyük bir enerji layihəsində ortaqlıq həm də Azərbaycanın regionda güclənməkdə olan türk birliyinə rəsmi Bakının növbəti töhfəsidir.


Hər zaman regionda dostluq, əməkdaşlıq siyasətinə üstünlük verən Azərbaycan Xəzər dənizinin dostluq dənizi olması üçün də bir sıra təşəbbüslərin müəllifi olub. Elə 2018-ci ildə Xəzər dənizi sahilindəki ölkələrin birgə konvensiya imzalaması da bunlardan biridir. Buna görə artıq Azərbaycan öz dəsti-xətti, eləcə də etibarlı tərəfdaşın sahib ola biləcəyi bütün dəyərləri özündə ehtiva etdiyinə görə bundan sonra rəsmi Bakı ilə daha sıx əməkdaşlıq etmək istəyən ölkələrin sayının artacağı heç bir şübhə doğurmur.




Xəbər lenti