Xəzər Xəbər

20 Yanvar – Azadlıq yolunun günəşi VİDEO

Veb TV | 19:48 • 20 Yanvar 2021
20 Yanvar – Azadlıq yolunun günəşi

Bir xalqın, millətin tarixinə vurulan ən böyük zərbə onun azadlığına qarşı aparılan siyasətdir.1990-cı ilin yanvar ayında Azərbaycan xalqı özünün istiqlaliyyəti uğrunda haqq savaşına başladı. İnsanların haqq səsini boğmaq üçün yanvarın 20-də Sovet ordusu Bakıda dinc əhaliyə divan tutdu. O gün yaşananlar, əliyalın xalqa qarşı edilən zorakılıq insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi tarixdə qalacaq.


Təqvimin 20 yanvar günü.


Burda çiçəklər qan rəngində açar. Burda anaların gözyaşı, bacıların ah-naləsi ərşə çıxar, burda günahsızca sinəsindən vurulan oğullar yerdə yatar. Vətənin, millətin, dövlətin azadlığı uğrunda neçə evin günəşi batar...


"Taleyin qəribə oyunudur ki, Qızıl ordu bizi elə öz adını daşıyan meydanda qırmağa başladı" deyir o günün izlərini hələ də bədənində daşıyan 20 yanvar əlili Hüseyn Məmmədov.


Sovet qoşunları hətta təcili yardım maşınlarını gülləborana tutur. O gecə divarları atəşə tutulan evlərin işıqları əbədi olaraq sönür, "insan ovu"na çıxan ordu xalqı qırmağı qarşısına məqsəd qoyur. Şəhərin bütün xəstəxanalarının işığı kəsilir, lakin buna baxmayaraq tibb bacıları, həkimlər böyük fədakarlıq nümayiş etdirirlər. Elə güləşçi Müşfiq İsayevin də taleyi oxşar olur. Şəhərin Gənclik istiqamətində vurulan idmançımızı dostu öz çiynində xəstəxanaya çatdırır. Amma həkim çatışmazlığından Müşfiq həyatını itirir:


"31 ildir yanımda qardaş axtarıram". Adı tarixə xanımı Fərizə ilə birlikdə düşən 20 yanvar şəhidi İlhamın qardaşı Elxan Allahverdiyevin naləsidir bu. Qanlı gecədə onlar da meydanda olublar. Elxan müəllim İlhamı gözündən qoymamağa çalışsa da bu mümkün olmayıb, ondan bir anlıq ayrılan İlhamı səhərə qədər tapa bilmir. Səhər isə özü ilə qara xəbəri gətirir...



"20 yanvar faciəsi bizim tariximizin dönüş anlarından biridir". Millət vəkili Musa Qasımlı hesab edir ki, məhz bu faciədən sonra Azərbaycan xalqı mərkəzlə yolunun bir olmayacağı qənaətinə gəldi. Ermənistanın 1980-ci illərin sonunda azərbaycana qarşı əsassız ərazi iddiaları, ermənilərin aqressiv separatçılıq fəaliyyəti, ssri rəhbərliyinin bu fəaliyyətə dəstək verməsi azərbaycanda sovet hökumətinə qarşı hərəkatın genişlənməsinə təkan verdi. Musa Qasımlı deyir ki, xalq başa düşdü ki, erməni problemini mərkəz olmadan da həll edə bilər. Bu baxımdan da bizim müstəqilliyimizə gedən yol 20 yanvar şəhidlərinin müqəddəs canlarından keçir:


Bəli, bu gün qərənfillərin ağladığı o məşum gecədən 31 il ötür. Günahsız, əliyalın xalqın üstünə yeridilən o qanlı ordu öz arzusuna çata bilmədi və bu gün qalib, azad Azərbaycan xalqı öz şəhidlərini ehtiramla yad edir. Allah rəhmət eləsin!


Xəbər lenti

Çox oxunanlar