Xəzər Xəbər

Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi? VİDEO

Veb TV | 21:00 • 16 Yanvar 2021
Karantin rejimi ilə bağlı hansı qərarlar dəyişdi?

Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti aprelin 1-dək uzadılıb, yanvarın 18-dən bəzi yumşalmalar olacaq. İlkin olaraq sms icazə sistemi ləğv olunur. Bərbərxana, gözəllik salonları və ticarət mərkəzləri isə ayın 25 -dən, restoranlar isə fevralın 1-dən açılacaq. Gələn həftədən isə vaksinasiyaya başlanır. 2 milyon insanın vaksin olunması nəzərdə tutulub. Bəzi qadağalar isə hələlik qüvvədə qalır.

Yanvarın 18-dən etibarən SMS icazə sistemi ləğv olunur. Nazirlər Kabineti yanında Operativ Qərargahın yeni qərarına əsasən, bir sıra sahələrdə yumşalmalara başlanır.

Operativ Qərargahın mətbuat konfransında çixiş edən prezidentinin köməkçisi şahmar mövsümovun sözlərinə görə , yoluxma əmsalinin 31 faizdən 5 faizə enməsi səbəbindən tədricən yumşalmaların həyata keçirilməsinə başlanacaq. 18 yanvar saat 00:00-dan etibarən yaşayış yerini və olduğu yeri "SMS" icazə, "icaze.e-gov.az" portalı və xidməti vəsiqə əsasında tərk etmək sistemi ləğv olunur.

Bakı metropolitenində sərnişindaşımanın fəaliyyətinə tətbiq olunan məhdudiyyət hazırda qüvvədə qalır. Bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyətinə tətbiq olunan məhdudiyyət, eləcə də digər qadağalar isə xüsusi karantin rejiminin sonunadək tətbiq olunacaq. Bununla yanaşi, məktəblərin açilmasi ilə bağli müəyyən addimlar atilacaq. Bu barədə qərar gələn həftə elan olunacaq.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva isə son qapanmadan sonra yoluxma sayında dəyişən əmsalı diqqətə çatdırıb. Bir ay əvvəlki müşahidə edilən statistika ilə hazırda gündəlik yoluxma sayının arasında ciddi fərqlər var.

Koronavirusa qarşı olan vaksin isə artıq Azərbaycana gətirilib. Gələn həftədən vaksinasiyaya başlanacaq.

Şahmar Mövsümovun sözlərinə görə, ikitərəfli qaydada "Sinovac" şirkətinin regional nümayəndəliyindən 4 milyon doza "CoronaVac" vaksini alınacaq. Vaksin vurulduqdan 20 gün sonra ikinci doz vurulacaq. Bu isə iki milyon əhalinin vaksinasiyasını təmin edəcək. Vaksinasiya iki mərhələdə həyata keçiriləcək. 1-ci mərhələdə

- Səhiyyə işçiləri;

- 65 yaşdan yuxarı şəxslər;

- Hüquq-mühafizə orqanları tərəfindən əks-epidemik tədbirlərə cəlb olunan heyət;

İkinci mərhələdə isə

- Tibbi cəhətdən yüksək risk qrupu (tənəffüs sistemi, hemodializ, şəkərli diabet, piylənmə kimi xroniki xəstəlikləri olanlar);

- 50 yaş və daha yuxarı ən az bir xroniki xəstəliyi olan şəxslər;

- Təhsil və sosial sektorda çalışanlar, sosial müəssisələrdə daimi yaşayanlar, ASAN Xidmət və DOST mərkəzləri, ictimai nəqliyyat sektorunun, telekommunikasiya operatorları və provayderlərinin, həmçinin poçt sahəsində birbaşa əhali ilə təmasda olan işçilərin və bank sektorunun birbaşa əhali ilə təmasda olan hissəsi;

- Yüksək riskli şəraitli işlərdə, yəni cəmiyyətin fəaliyyəti üçün milli və regional təhlükəsizlik, ədliyyə, maliyyə və digər həyati vacib sahələrdə çalışan şəxslər.

Vaksinasiya olunacaqlar.

Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri Teymur Musayevin sözlərinə görə, ölkə üzrə vaksinasiya məntəqələri artıq qurulub. Belə bir məntəqə Şuşa şəhərində də təşkil edilib. Sinovac vaksininin Türkiyədə tətbiqi və nəticələri isə vaksinin olduqca effektiv olduğunu sübut edib.

TƏBİB-in departament rəhbəri Yaqut Qarayeva isə vaksindən sonra virusun tam yox olacağı düşüncəsinin real olmadığını diqqətə çatdırıb. Onun sözlərinə görə, İsrail ən çox vaksinasiya edən ölkədir, ancaq orada üçüncü dəfə sərt karantin rejimi tətbiq edilir. Buna görə də vaksinasiya ilə yanaşi, qaydalara da əməl etmək lazimdir.

Qeyd edək ki, vaksinlər Koronavirusla Mübarizəyə Dəstək Fondunda toplanmış vəsaitlər hesabına alınacaq. Vaksinasiyaya dair digər tədbirlərin görülməsi isə müvafiq illər üzrə Azərbaycanın dövlət büdcəsi hesabına və digər maliyyə mənbələrindən olacaq.

Xəbər lenti