Xəzər Xəbər

Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib

İqtisadiyyat | 18:23 • 4 Dekabr 2020
Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbini müzakirə edib

Azərbaycan Pakistanla işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlbi məsələsini müzakirə edib.


Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) bildirilib ki, qurumun rəhbəri vəzifələrini icra edən Yusif Abdullayev ilə Pakistanın ölkəmizdəki səfiri Bilal Haye arasında görüş keçirilib. Y.Abdullayev Pakistan Respublikasının Vətən müharibəsində Azərbaycanın haqlı mövqeyini birmənalı dəstəkləməsini vurğulayıb, təmsil etdiyi qurumun fəaliyyəti barədə danışıb, ölkəmizdə qeyri-neft sektorunun inkişafı, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması, ixracın genişləndirilməsi, "Made in Azerbaijan” brendinin və xarici investisiyaların təşviqi istiqamətində görülən işlər barədə məlumat verib.


Səfir B.Haye rəşadətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi və ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi münasibətilə təbriklərini çatdırıb, ölkəsinin Azərbaycanla əlaqələrinin inkişafına xüsusi önəm verdiyini qeyd edib, iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətləri barədə fikirlərini bölüşüb.


Görüşdə iki ölkə arasında investisiya sahələrində əməkdaşlıq, o cümlədən birgə potensial ixrac və investisiya layihələri, həmçinin işğaldan azad olunmuş ərazilərə xarici investorların cəlb edilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Xəbər lenti