Xəzər Xəbər

Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaranıb

Cəmiyyət | 18:12 • 4 Dekabr 2020
Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaranıb

"Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə Macarıstan İnsan Resursları Nazirliyi arasında 2018-2020-ci illər üzrə İş Proqramı”nın tələbinə əsasən, müvafiq tədris ilində sentyabrın 1-dək 18 yaşı tamam olmayan Azərbaycan Respublikası vətəndaşları Macarıstanda təhsil almaq üçün təqaüd proqramına müraciət edə bilməzlər.


Xezerxeber.az xəbər verir ki, bunu Macarıstanda təqaüd proqramına həsr olunan onlayn vebinarda Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri Müjdət Həsənov deyib. O bildirib ki, yaşı 18-dən aşağı olan şəxslər proqramdan kənar fərdi şəkildə müraciət edərək Macarıstanda təhsil ala bilərlər.


Xatırladaq ki, Macarıstanda 2021-2022-ci tədris ili üçün təqaüd proqramına sənəd qəbulu davam edir. Proqram Azərbaycan vətəndaşlarına müəyyən olunmuş ixtisaslar üzrə Macarıstanda təqaüd hesabına təhsil almaq imkanı yaradır.


Proqram çərçivəsində Macarıstan tərəfindən hər il 200 nəfər Azərbaycan vətəndaşı üçün təqaüd ayrılacağı nəzərdə tutulub.


Təqaüd proqramına sənəd qəbulu 2021-ci il yanvarın15-i saat 23:59-dək aparılacaq. Tələbələrin təqaüd proqramına qəbulu ilə bağlı Macarıstan tərəfinin yekun qərarının 2021-ci ilin iyun-iyul ayları ərzində təqdim olunması gözlənilir. Təqaüd proqramı çərçivəsində əlavə məlumatlar Təhsil Nazirliyinin saytında yerləşdirilən elanda verilib.

Xəbər lenti