Xəzər Xəbər

Hər beş nəfərdən biri COVID-19-u ağır keçirir - AÇIQLAMA

Cəmiyyət | 17:45 • 3 Dekabr 2020
Hər beş nəfərdən biri COVID-19-u ağır keçirir -

Ölkədə yeni növ koronavirusa (COVID-19) yoluxanların sayında əvvəlki aylarla müqayisədə kəskin artım müşahidə olunur. Bir ilə yaxındır ki, dəhşətli kabus kimi dünyanı dolaşan virus infeksiyası bəşəriyyət üçün təhlükə mənbəyi olaraq qalır.


Xezerxeber.az xəbər verir ki, Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov pandemiyanın hazırkı dövrü barədə danışarkən deyib: "Aparılan hesablamalara görə, hər beş nəfərdən yalnız birində virusun ağır və çox ağır formaları inkişaf edir, qalanları yüngül və orta yüngül olaraq xəstəlik keçirirlər. Lakin bu hal vətəndaşlarda xəstəliyə qarşı biganəlik və arxayınlıq yaratmalı deyil”.


Onun sözlərinə görə, COVID-19 virusuna görə yüngül xəstələnənlər ev şəraitində müalicə oluna bilərlər: "Boğazı ağrıyan, qızdırması, öskürəyi və respirator əlamətləri olanlar yüngül xəstələr sayılırlar, lakin onlarda sətəlcəm inkişaf etməyib. Adətən, xəstəliyin birinci həftəsində həmin simptomlar müşahidə olunur, yoluxma baş veribsə, artıq ikinci həftədən etibarən virus aşağı tənəffüs yollarına keçir və ağciyəri zədələyir. İlkin simptomlarla üzləşən, yaşı 65-dən aşağı və heç bir xroniki xəstəliyi olmayanlar evdə müalicə ala bilərlər. COVID-19 və digər respirator virus infeksiyaları eyni simptomlarla başlayır. Həmin xəstəlikləri bir-birindən ayırmaq çox çətin olur. Simptomlar müşahidə olunan kimi evdə qalmaq, özünü təcrid etmək, ərazi üzrə sahə həkimlə əlaqə saxlamaq və yalnız həkimin məsləhəti ilə evdə müalicəyə başlamaq lazımdır. Ev şəraitində müalicə yalnız həkim tövsiyəsi ilə aparılmalıdır. Eyni müalicə üsulu hər kəsdə səmərəli olmur. Həkimlər xəstəliyin ağırlıq dərəcəsini, yoluxanın yanaşı xəstəliklərini, simptomları nəzərə alaraq, demək olar ki, hər kəs üçün fərdi müalicə üsulu seçirlər. COVID-19 çoxkomponentli xəstəlik olduğuna görə, müalicəni yalnız həkim təyinatı ilə aparmaq lazımdır, əks halda aparılan müalicələr nəinki səmərəsiz olacaq, əksinə fəsadlar verə bilər.


Bəzən elə olur ki, COVID–19 virusuna yoluxma baş versə də, simptomlar müşahidə olunmur və ya az müşahidə edilir, lakin belələri yenə də virus daşıyıcısıdır və başqalarını yoluxdura bilərlər. Elə xəstələr olur ki, onların spesifik qan analizlərində nə vaxtsa virusa yoluxduqları görünür, lakin heç bir əlamət hiss etmədiklərini bildirirlər. Nəzərə almaq lazımdır ki, virus göstəricisi kimi xəstələnmə bir variantdır və aysberqin görünən hissəsidir, adətən, yoluxanlarda az simptomlar və ya simptomsuz hal müşahidə olunur. Buna görə də gigiyenik qaydalara düzgün əməl etmək, az simptom hallarında belə özünü təcrid etmək lazımdır.


Virusdan qorunmaq üçün mövcud qaydalara əhalinin əksəriyyəti əməl etsə də, hələ də buna laqeyd yanaşanlar və xəstəliyə məsuliyyətsiz münasibət bəsləyənlər var. Lakin bunu mütləq nəzərə almaq lazımdır ki, bir il əvvəl soyuqdəymə zamanı ev şəraitində müalicə olunurduq və heç kəs buna görə həkimə müraciət etmirdi, belə bir tələb də yox idi. Bəzən hətta xəstə vəziyyətdə işə, dərsə, ictimai yerlərə gedirdik. Lakin indi o zaman deyil. İndi soyuqdəymə və COVID-19 simptomları bir-birinə çox bənzədiyinə görə, özündə narahatlıq hiss edən kimi dərhal tədbirlər görülməli, özünü təcrid edərək həkimlə əlaqə saxlamaq lazımdır. Təəssüf ki, virusdan qorunmaq üçün daha etibarlı və səmərəli qaydalar yoxdur, sadə gigiyenik qaydalara əməl etmək lazımdır. Bunlar isə hamıya yaxşı məlum olan fiziki məsafənin gözlənilməsi, maskadan düzgün istifadə, respirator gigiyena qaydalarına - asqırdıqda, öskürdükdə ağızın dəsmal və ya dirsək bükümü ilə örtülməsindən ibarətdir”, - deyə baş infeksionist bildirib.

Xəbər lenti