Xəzər Xəbər

Evi tərk edən COVID-19 xəstələri - Onları hansı hüquqi məsuliyyət gözləyir? - VİDEO

Veb TV | 20:42 • 28 Noyabr 2020
Evi tərk edən COVID-19 xəstələri -

Abşeron rayonu, Xırdalan şəhərində ev şəraitində müalicə alan koronavirus xəstəsi Elnarə Hüseynova saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, aktiv COVID-19 virusunun daşıyıcısı olan bu şəxs karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib.

Tibbi prosedurlar gözlənilməklə Elnarə Hüseynova yaşadığı evə qaytarılıb. Onun barəsində cinayət işi başlanıb.

Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşayan Faiq Hüseynov da qaydaları pozaraq ictimaiyyət arasına çıxıb və virusun daha çox yayılmasına şərait yaratdığı üçün polislər tərəfindən saxlanıb. Onun barəsində də cinayət işi başlanıb.

Şəkidə rayon sakini Davud Hüseynova COVID-19 testinin nəticəsi pozitiv olduğu üçün ev şəraitində müalicə təyin edilsə də, o, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib. Polis əməkdaşları Davud Hüseynovun "Niva" markalı avtomobillə şəhər ərazisində hərəkətdə olduğunu müəyyən edib. Koronavirus xəstəsi polis əməkdaşlarının müşayiəti ilə evinə geri qaytarılıb və digərlərinin də sağlamlığı üçün real təhlükə yaratdığı üçün barəsində araşdırma başlanıb.

Astarada da bənzər hal təkrarlanıb. Rayonun Kijəbə qəsəbəsinin sakini Vüsal Babayev və Maşxan kənd sakini Fatimə Babayevaya COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev səraitində müalicə təyin edilib və onlara yaşayış yerini tərk etməmələri tapşırılıb. Lakin həmin şəxslərin yaşayış yerlərini tərk etdiyi müəyyənləşdirilib və onlar saxlanaraq yaşadıqları ünvanlara qaytarılıblar. Onların törətdikləri əmələ hüquqi qiymət verilməsi üçün araşdırma aparılır.

Qeyd edək ki, bu günə qədər Astarada yaşayış yerini tərk etmiş 5 nəfər COVID-19 xəstəsi barəsində cinayət işi başlanıb.

Göyçay rayonunun Kürdəmir kənd sakini Nicat Babaşov da COVID-19 virusuna yoluxduğu üçün ona qaydalar izah olunmaqla ev şəraitində müalicə təyin edilib.

Nicat Babaşov qaydalara əməl etməyərək yaşadığı evi tərk edib. Polis əməkdaşları onun olduğu yeri müəyyən edib, yaşadığı ünvana geri qaytarıb. Nicat Babaşov barəsində də araşdırma aparılır.

Hüquqşünas Kamandar Hüseynov deyir ki, ev şəraitində təcridetmə qaydalarının pozulmasına görə həmin şəxslər İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə görə inzibati məsuliyyət daşıyırlar. Bu isə o deməkdir ki, həmin şəxsləri 200 manatdan 400 manatadək cərimə gözləyir. Ancaq qanunda daha ağır hallar üzrə müddəalar da nəzərdə tutulub.

Odur ki, bu kimi hüquqi məqamları da nəzərə alaraq bir daha koronavirus xəstələrindən qaydalara riayət etmək və digər şəxslərı təhlükə altına atmamaq tələb olunur.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Atif


Xəbər lenti