Xəzər Xəbər

UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsində növbəti oyununu keçirib

İdman | 09:04 • 27 Noyabr 2020
UEFA Avropa Liqası: “Qarabağ” qrup mərhələsində növbəti oyununu keçirib

UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turu çərçivəsində keçirilən "Qarabağ” - "Sivasspor” oyunu başa çatıb.


Xezerxeber.az xəbər verir ki, Azərbaycan çempionu görüşdə iki dəfə önə keçsə də, 3:2 hesabı ilə məğlub olub.


Oyunda hesabı 8-ci dəqiqədə ağdamlılar açıb. Abdulla Zubir qapıçı ilə təkbətək mübarizədə qalib ayrılıb. Görüşün 40-ci dəqiqəsində hakimin şübhəli qərarından sonra "Sivasspor” penalti vurmaq şansı qazanıb. Topa yaxınlaşan Aruna Kone dəqiq zərbə endirib.


Komandalar fasiləyə 1:1 hesablı heç-heçə ilə yollanıblar.


Qarşılaşmanın ikinci hissəsinin 51-ci dəqiqəsində "Qarabağ” yenidən hesabda önə keçib. Ağdamlıların futbolçusu Uroş Matiş uzaqdan baxımlı qola imza atıb.


Qoldan yeddi dəqiqə sonra İstanbul təmsilçisi hesaba tarazlıq gətirib. Olarenvadju Kayode adını tabloya yazdırıb. Oyunda son nöqtəni "Sivasspor” görüşün 79-cu dəqiqəsində qoyub. Aruna Kone komandasının üçüncü, özünün ikinci qoluna imza atıb.


Beləliklə, bu məğlubiyyətdən sonra "Qarabağ” xalsız olaraq dördüncü qalır. Altı xalı olan "Sivasspor” isə üçüncü yerdə qərarlaşıb.


Bu komandalar arasında keçirilmiş ilk oyun Türkiyə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.


Qrupun digər matçında İspaniya "Vilyarreal"ı İsraildə Təl-Əviv "Makkabi"si ilə üz-üzə gəlib. Həmin qarşılaşmada qalib müəyyənləşməyib.


Növbəti turda "Qarabağ” öz meydanında "Makkabi”ni, "Sivasspor” isə "Vilyarreal” klubunu qəbul edəcək. Həmin görüşlər dekabrın 3-də keçiriləcək.

Xəbər lenti