Xəzər Xəbər

ÜST karantin qaydalarının yumşaldılması ilə bağlı çağırış etdi

Dünya | 14:12 • 24 Noyabr 2020
ÜST karantin qaydalarının yumşaldılması ilə bağlı çağırış etdi

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyası ilə əlaqədar rəsmi qurumların infeksiyanın gedişatını nəzarətə ala bilmədiyi ölkələrdə Milad bayramı ərəfəsində karantin qaydalarını yumşaltmamağa çağırıb.


ÜST-ün fövqəladə hallar üzrə icraçı direktoru Mayk Rayan bu barədə Cenevrədə keçirilən brifinqdə danışıb. O bildirib ki, Milad ərəfəsində insanların sıx şəkildə bir araya gəlməsi tələb olunan infrastruktura malik olmayan, yoluxma hallarını təqib edə və yoluxanları müəyyən edərək karantinə göndərə bilməyən ölkələrdə vəziyyəti daha da gərginləşdirə və karantin qaydalarının yumşaldılması daha güclü yoluxma dalğasına səbəb ola bilər. Buna görə də hökumətlər karantin qaydalarının yumşaldılması barədə qərar verərkən risklər barədə götür-qoy etməlidirlər.


ÜST ekspertinin sözlərinə görə, karantin qaydalarının hansının ləğv edilməsi və xüsusi öhdəliklər olmadan neçə günlük bayramın mümkün olacağına dair heç bir elmi düstur yoxdur: "Yalnız vəziyyəti yaxşılaşdıran və ya pisləşdirən yüksək və ya aşağı risk faktorları mövcuddur”.


Qeyd edilib ki, hökumətlər məhdudiyyətlərin qüvvədə saxlanması nəticəsində yaranan iqtisadi və ictimai riskləri bu məhdudiyyətlərin yumşaldılmasından sonra virusun daha da vüsətlə yayılması riski ilə müqayisə edərək öz qərarlarını verməlidirlər. Çünki ailə bayramı olan Milad günlərində insanların bir araya gəlməsinə icazə verilməməsi də öz növbəsində məyusluq, karantin qaydalarından bezmə və bəlkə də görülən tədbirlərə qarşı etirazlar da doğura bilər. (AZƏRTAC)

Xəbər lenti