Xəzər Xəbər

Vyanada bal mövsümü ləğv edilib

Dünya | 09:43 • 19 Sentyabr 2020
Vyanada bal mövsümü ləğv edilib

COVID-19 pandemiyası ilə əlaqədar Vyana şəhərində təşkil olunan əsas ballar ləğv edilib. Bu barədə qərar Vyana Ənənəvi Ballar Komitəsinin xüsusi iclasında qəbul edilib.


Bal mövsümü Vyana şəhərində mühüm iqtisadi faktordur. Vyana İqtisadiyyat Palatasının məlumatına görə, hər il orta hesabla müxtəlif ballarda 520 min insan iştirak edir və 151 milyon avro həcmində ümumi dövriyyə meydana gəlir. Klassik musiqinin paytaxtı hesab edilən Vyanada ballar öz tarixi ənənələri ilə tanınırlar və qış mövsümünü ballar olmadan təsəvvür etmək mümkün deyil.


Komitə iclasda qapalı məkanlarda tətbiq olunan məhdudiyyətlərin balların ənənəvi formada təşkilini mümkünsüz edəcəyi qənaətinə gələrək, iştirakçı və təşkilatçıların sağlamlığı üçün belə bir qərar qəbul etdiyini bəyan edib. Vyana balları içərisində xüsusi çəkisi olan Vyana Opera Balının baş tutub-tutmayacağı barədə suala isə aydınlıq gətirilməyib, Vyana Dövlət Operası da bu mövzuda açıqlama verməyib.

Xəbər lenti