Xəzər Xəbər

İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

Maraqlı | 18:17 • 8 Avqust 2020
İranda 60 ton zəfəran auksionda satışa çıxarılacaq

Gələn bir neçə gün ərzində İranın şimal-şərqində yerləşən Rəzəvi Xorasanı vilayətində 60 ton zəfəran auksionda satışa çıxarılacaq.


Bunu İran parlamentinin deputatı Möhsün Zəngənə Rəzəvi Xorasanı vilayətində jurnalistlərlə keçirdiyi mətbuat konfransında deyib.


M.Zəngənənin sözlərinə görə, bu həcmdə zəfəran Rəzəvi Xorasanı vilayətinin kənd kooperativ baş idarəsi tərəfindən təsərrüfatçılardan zəmanətli şəkildə satın alınıb.


Zəngənə əlavə edib ki, bu auksion zəfəranın ixrac edilməsi məqsədilə təşkil olunacaq. Auksionda iştirak etmək üçün 200 milyard rial (təxminən 4,76 milyon dollar) dəyərində bank zəmanətnaməsi nəzərdə tutulub.


Zəngənə qeyd edib ki, bu zəfəran satıldığı halda təxminən 1 trilyon rial (təxminən 23,8 milyon dollar) olan zəfəran təsərrüfatçılarının borcu ödəniləcək.


İran parlamentinin rəsmisi bildirib ki, bundan əlavə bir neçə zəfəran ixracatçısı ilə müqavilə imzalanıb. Belə ki, bu ixracatçılar dəyəri təxminən 10 trilyon rial (təxminən 238 milyon dollar) dəyərində olan zəfəranı təsərrüfatçılardan birbaşa şəkildə satın alacaqlar.


Qeyd edək ki, İranda ildə 84 min hektar ərazidən 200 ton zəfəran götürülür. Bu məhsulun təxminən 78%-i Rəzəvi Xorasanı vilayətinə aiddir./Trend

Xəbər lenti