Xəzər Xəbər

Avropalı nazirlər Trampın seçkiqabağı kampaniyasında “fon” olmaq istəmirlər

Dünya | 16:07 • 11 İyul 2020
Avropalı nazirlər Trampın seçkiqabağı kampaniyasında “fon” olmaq istəmirlər

ABŞ paytaxtında iyulun 29-na planlaşdırılan G7 ölkələri nazirlərinin görüşü almaniyalı nazirlərin iştirakı olmadan keçiriləcək.


Bu barədə ölkənin Xarici İşlər Nazirliyində bildiriblər. AFR-in Xarici İşlər naziri Hayko Maas və Maliyyə naziri Olaf Şolts görüşdə iştirakdan imtina ediblər. Buna baxmayaraq, Bundestaq protokol qaydalarını pozmamaq və ABŞ-la onsuz da gərgin münasibətləri daha da kəskinləşdirməmək üçün müvafiq qurumlardan stats-katiblərdən ibarət "ikinci heyəti” okeanın o tayına göndərməyə hazır olduğunu bildirib.


"Böyük yeddiliyin” digər ölkələri də səfərdən imtina ediblər. Buna görə də istisna deyil ki, nazirlər səviyyəsində görüş keçirilməyə bilər.


Amerika tərəfi də inadkarlıq göstərir və görüşün videokonfrans formatında keçirilməsi imkanına baxmaqdan imtina edir.


Bununla belə, görünür, burada söhbət təkcə koronavirusdan getmir. Avropa İttifaqındakı müşahidəçilər haqlı olaraq belə hesab edirlər ki, Prezident Donald Tramp bu tədbirdən özünün seçkiqabağı kampaniyasının bir hissəsi kimi istifadə etmək istəyir. Almaniyanın "Der Spiegel” jurnalı yazır ki, Tramp "dialoqdan daha çox şouda maraqlıdır”. Avropalı nazirlər isə, bu nəşrin fikrincə, Trampın seçkiqabağı kampaniyasında "fon” olmaq istəmirlər. (AZƏRTAC)

Xəbər lenti