Xəzər Xəbər

Çində torpaq sürüşməsi - 8 nəfərin cəsədi tapılıb

Dünya | 15:38 • 10 İyul 2020
Çində torpaq sürüşməsi - 8 nəfərin cəsədi tapılıb

Çinin Hubey vilayətində mövsümi yağışların törətdiyi torpaq sürüşməsi nəticəsində dağıntı altında qalmış 8 nəfərin hamısının cəsədi tapılıb.


İyulun 8-də səhər erkən saatlarda vilayətin Huanmey qəzasında baş verən sürüşmə nəticəsində bir neçə ev dağılıb. Doqquz nəfərin dağıntı altında qaldığı güman olunurdu. Xilasedicilər hadisədən bir neçə saat sonra 80 yaşlı qadını dağıntı altından sağ çıxara biliblər. Axtarış işlərinə hərbçilər, xüsusi texniki vasitələr, təlim itləri də cəlb olunub. Amma iki günə yaxın davam edən axtarış işləri nəticəsində digər 8 sakindən heç birini xilas etmək mümkün olmayıb. İlk olaraq 14 yaşlı uşağın, ardınca digər sakinlərin cəsədləri aşkarlanıb.


Yerli fövqəladə hallar bölməsinin açıqlamasında bildirilir ki, Huanmeydə şiddətli yağışların törədə biləcəyi fəsad ehtimalı ilə əlaqədar əhalinin təxliyəsi planlaşdırılıbmış. Amma sakinlərin bəzisi bu bölgədə torpaq sürüşməsinin çox nadir hallarda baş verdiyini əsas götürərək, təxliyə olunmaq istəməyiblər.


Qeyd edək ki, mövsümi yağışlarla əlaqədar iyulun 8-də Hubey vilayətində fövqəladə hazırlıq vəziyyətinin dərəcəsi 4-dən 3-ə yüksəldilib. Güclü yağışlar sel, daşqın, torpaq sürüşməsi, palçıq axını kimi fəsadlar törədib. Vilayətdə, ümumilikdə, 2,55 milyon nəfər təbii fəlakətdən ziyan görüb, 65 min nəfər təxliyə edilib, min hektarlarla əkin sahəsini və mindən çox evi su basıb, 400-dən çox ev isə tam dağılıb.

Xəbər lenti