Xəzər Xəbər

Postlardan kənar yollardan keçmək istəyən sürücülər həbs edilib - VİDEO

Veb TV | 10:32 • 8 İyul 2020
Postlardan kənar yollardan keçmək istəyən sürücülər həbs edilib -

Xüsusi icazəsi olmayan şəxsləri postlardan kənar, torpaq yollarla keçirmək istəyən sürücülər saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının Bakı-Şamaxı yolunda xidmət aparan əməkdaşları əvvəlcə "Mercedes Vito" markalı avtomobilin sürücüsü - Qəbələ rayon sakini Əziz Ağakişiyevin xüsusi icazəsi olmayan 1 nəfər sərnişini Bakı şəhəri istiqamətinə postdan kənar yollarla keçirmək cəhdinin qarşısını alıblar. Saxlanan sürücü əməlindən peşman olduğunu deyib.

Digər bir əməliyyat tədbiri ilə Bakıdan Ağdaş istiqamətində qanunsuz yolla sərnişin daşıyan sürücü də saxlanıb. Məlum olub ki, Ağdaş rayon sakini Nicat Hüseynov paytaxtdan 3 nəfər sərnişini Bakı-Şamaxı yolunun 31-ci km-də yerləşən xüsusi karantin postundan yayınaraq gizli şəkildə torpaq yollarla rayona aparmaq istəyib.

Saxlanan hər 2 sürücü və 4 sərnişin barədə sənədləşmə aparılaraq müvafiq qərar qəbul edilməsi üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki sürücü inzibati qaydada 15 gün həbs edilib.

Bakıdan rayon istiqamətində gedən digər sürücü isə karantin postunda polislərin "saxla” əmrinə tabe olmayıb. Gəncə şəhər sakini Tural Əliyev idarə etdiyi "Mercedes Vito" markalı avtomobillə rayon istiqamətinə gedərkən Bakı-Qazax-Gürcüstan yolunun 65-ci km-də yerləşən karantin postunda yük avtomobilləri üçün nəzərdə tutulan hərəkət zolağına daxil olub. Bu zaman o, polis əməkdaşının "saxla” əmrinə tabe olmayıb. Sürücü növbəti stasionar postda da verilən işarəyə tabe olmayaraq nəqliyyat vasitəsini saxlamayıb. 3-cü postda isə avtomobili polis əməkdaşlarının üzərinə sürərək qaçmağa cəhd göstərərkən məcburi qaydada saxlanıb. Araşdırma zamanı məlum olub ki, o, idarə etdiyi avtomobilə başqa avtomobilin dövlət qeydiyyat nişanını taxıb. Sürücü nömrələri radarlardan yayınmaq məqsədilə dəyişdiyini bildirib, tabe olmamağını isə paytaxta giriş-çıxış üçün müvafiq icazəsinin olmaması ilə izah edib. Tural Əliyev Yevlax Rayon Məhkəməsinin qərarı ilə 20 gün müddətinə inzibati qaydada həbs edilib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti