Xəzər Xəbər

Braziliya prezidenti onda koronavirus simptomlarının olduğunu bildirib

Dünya | 14:51 • 7 İyul 2020
Braziliya prezidenti onda koronavirus simptomlarının olduğunu bildirib

Braziliya Prezidenti Jair Bolsonaru koronavirus infeksiyasına xarakterik simptomlar səbəbindən həftə sonunadək planlaşdırdığı tədbirləri ləğv edib.


CNN Brasil telekanalı xəbər verir ki, bu barədə dövlət başçısı özü məlumat verib. Braziliya prezidenti koronavirus testindən keçdiyini və nəticələrin bu gün məlum olacağını bildirib.


Jair Bolsonarunun sözlərinə görə, onun bədən hərarəti 38 dərəcəyə qədər yüksəlib, qanın oksigenlə zənginləşməsi isə 96 faizə enib. O, həmçinin ağciyərlərinin maqnit rezonans tomoqrafiyasından keçirdiyini də bildirib.


Hazırda dövlət başçısı müalicə üçün hidroksixloroxin dərmanını qəbul edir. Halbuki Dünya Səhiyyə Təşkilatı həmin preparatın yoluxana müsbət təsir göstərməməsi səbəbindən onun sınaqlarını dayandırmaq qərarına gəlib.


Koronavirus təhlükəsini şişirdilmiş sayan Braziliya Prezidenti Jair Bolsonaru həkimlərin tövsiyəsinə baxmayaraq, maskadan və əlcəkdən istifadə etməyib, kütləvi tədbirlərə qatılıb, eyni zamanda izolyasiya rejiminin və müəssisələrin fəaliyyətinin dayandırılmasının əleyhinə çıxıb. Prezident pandemiya şəraitində tətbiq ediləcək strategiya barədə bir neçə həftəlik mübahisələrdən sonra aprelin ortalarında Səhiyyə Naziri Enrike Mandettanı istefaya göndərib.


Pandemiyanın statistikasını aparan Worldometer saytının Bakı vaxtı ilə bu gün saat 13:40-a olan məlumatına əsasən, Braziliyada indiyədək yeni koronavirusa yoluxanların sayı 1 milyon 626 min 71 nəfərə çatıb, 65 min 556 nəfər vəfat edib. Hazırda müalicə alan 488 min 286 xəstədən 8 min 318-nin vəziyyəti ağır qiymətləndirilir.


Braziliya COVID-19 infeksiyasına yoluxma və ölüm hallarının sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdədir.

Xəbər lenti