Xəzər Xəbər

Azərbaycanın kənd təsərrüfatı məhsullarına sifarişlər artıb

İqtisadiyyat | 12:29 • 7 İyul 2020
Azərbaycanın kənd təsərrüfatı məhsullarına sifarişlər artıb

Pandemiya dövründə Azexport.az internet portalına daxil olan sifarişlər sırasında əsasən kənd təsərrüfatı və gündəlik tələbat məhsulları önə çıxıb.


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən xezerxeber.az-a verilən məlumata görə, bunu Azexport.az portalının meneceri Ayxan Qədəşov deyib.


Onun sözlərinə görə, bura kartof, pomidor, toyuq əti, toyuq yumurtası, pambıq, pambıq yağı, nar şirəsi, qənnadı məhsulları daxildir.


"Bununla yanaşı pandemiya dövründə portala daxil olan sifarişlər arasında xalq təbabətində geniş istifadə olunan soğan, zəncəfil, sarımsaq, sarıkök və bu kimi digər məhsullara da sifarişlər mövcuddur. May ayının ikinci yarısından etibarən dünyada karantin qaydalarının yumuşaldılması prosesinə start veriləndən sonra portala daxil olan ixrac sifarişlərində də kənd təsərrüfatı məhsulları ilə yanaşı metal konstruksiyalar, uşaq bezi, tikinti məhsulları və tütün kimi digər məhsullara da sifarişlərdə artım müşahidə olunmağa başlanılıb”, - deyə A. Qədəşov qeyd edib.


O bildirib ki, portalın fəaliyyətə başladığı gündən etibarən ənənəvi olan ölkələrlə yanaşı yeni dövlətlərdən də sifarişlər daxil olmağa başlayıb: "Yeni ölkələr sırasına Səudiyyə Ərəbistanı, Hindistan, Qətər, Filippin, Dominikan və digər Amerika qitəsi və bir sıra Avropa ölkələrini aid edə bilərik. Təbii ki, bu ölkələr hazırda Azərbaycan bazarını öyrənirlər və zaman keçdikcə ölkələrlə ticarət əlaqələri daha da genişlənir və artıq həmin ölkələrdən yeni idxalçılar da Azərbaycan mallarına maraq göstərməyə başlayır. Hətta həmin ölkələrə qonşu olan ölkələrdən də sifarişlər daxil olmaqla başlayır”.

Xəbər lenti