Xəzər Xəbər

Koronavirusa necə qalib gəlmək olar? VİDEO

Veb TV | 21:15 • 4 İyul 2020
Koronavirusa necə qalib gəlmək olar?

Azərbaycan koronavirus təhlükəsinin yarandığı ilk vaxtlardan indiyə kimi COVID-19-la mübarizə üçün ehtimal edilən bütün mübarizə tədbirlərini həyata keçirib və buna davam edir. Ancaq bu virusa tam qalib gəlmək üçün təkcə hökumətin atdığı addımlar hər şeyi həll edə bilməz. Ən önəmli məsələ bu müharibədə hər bir vətəndaşın öz üzərinə düşəni etməsidir. Bizim üzərimizə düşən iş isə çox sadədir. Maska taxmaq, sosial məsafə saxlamaq və əllərimizi mütəmadi olaraq yumaq....

Dünyada COVID-19 infeksiyası yayılmağa başladığı ilk dövrdən, xüsusilə virusun ölkəmizin sərhədlərinə yaxınlaşdığı ilk günlərdən etibarən Azərbaycanda çevik və bütün istiqamətlər üzrə ciddi tədbirlər həyata keçirilməyə başlandı. Hökumətin koronavirusla mübarizə sahəsində strategiyası virusun yayılmasının qarşısının alınması, səhiyyənin koronavirusla səmərəli mübarizə üçün tələb olunan standartlara uyğunlaşdırılması, iqtisadiyyatın dayanıqlığının təmin edilməsi və əhalinin sosial müdafiəsi, eləcə də vətəndaşların maarifləndirilməsi kimi istiqamətləri əhatə edir.

Ölkənin xarici aləmlə əlaqələri məhdudlaşdırıldı və sərhədlər bağlandı, COVİD-19 virusuna yoluxmuş şəxslərin müalicəsi ilə bağlı xəstəxanalar müəyyən edildi və qısa müddətdə 20-dən artıq xəstəxana, o cümlədən ən müasir standartlara cavab verən "Yeni Klinika" koronavirus xəstələrinin ixtiyarına verildi. Bölgələri də əhatə etməklə ölkədə 2000 çarpayılıq 10 modul tipli xəstəxananın quraşdırılmasına başlandı və onlardan 5-i artıq istifadəyə verilib.

Xəstəliyin ilkin və sonrakı mərhələdə aşkarlanması üçün ən müasir standartlara cavab verən laboratoriyalar alındı və qısa müddətdə onların sayı 26-ya çatdırıldı. Bütün tibb müəssisələrinin texniki təminatı, xüsusi avadanlıqların, dərman preparatlarının, testlərin alınması və ölkəyə gətirliməsi təmin edildi. Millət vəkili Rüfət Quliyev bildirir ki, görülən tədbirlər nəticəsində Azərbaycan iqtisadiyyatı baş verənlərə digər ölkələrin iqtisadiyyatından daha yaxşı rəqəmlərlə reaksiya verdi.

Bu gün istər yoluxma, istərsə də vəfat edənlərin sayına görə də Azərbaycan digər bir sıra ölkələrlə müqayisədə yaxşı mövqedədir. Ölkəmizin bu istiqamətdə gördüyü işlər dəfələrlə Ümumdünya Səhiyyə Təşkilatı və digər beynəlxalq qurumlar, eləcə də ayrı-ayrı dövlət və hökumət başçıları tərəfindən xüsusi qeyd edilib. Rüfət Quliyev bildirir ki, Azərbaycan koronavirusun ilk dalğasında qalib gəlib.

Deputatın sözlərinə görə, hər kəs birlik olsa, ikinci dalğada da qalib ola biləcəyik. Bunun üçün isə həmrəylik vacibdir.

Bu virusa qalib gəlmək üçün biz də addım atmaq istəyiriksə, əsas məsələ o deyil ki, "mənə nə ediblər ?", əsas məsələ "mən nə etmişəm" olmalıdır. Biz müharibədəyik və qalib çıxmağımız üçün hamımız mübarizəyə qoşulmalıyıq. Sadə olan üç məsələyə əməl etməklə buna nail olmaq mümkündür: tibbi maska taxmaq, sosial məsafə saxlamaq və əllərimizi mütəmadi yumaq. Qeyri-müəyyənlik hamını narahat edir. Çünki hər birimizin ailəsi, övladları, yaşlı valideynləri və digər əzizləri var. Onlar hər gün risk altındadır. Bu riski yaradan da yenə özümüzük, sadə insanlardır. Artıq hər birimizin ətrafında koronavirusa yoluxmuş şəxslər, ailələr var və biz onların necə böyük problemlə üzləşdiklərini görürük. Bu, hər birimizin məsuliyyətli davranış nümayiş etdirməsi, birlik və həmrəyliyimizi daha da gücləndirmək üçün siqnal olmalıdır.

Xəbər lenti