Xəzər Xəbər

Beş min illik tarixə malik biyan balının faydaları - FOTO

Cəmiyyət | 16:49 • 3 İyul 2020
Beş min illik tarixə malik biyan balının faydaları -

Arı məhsullarının tarixi 5 min ildən çoxdur. Kökü Tibet təbabətinə qədər uzanan biyan balına ölkəmizin arıçıları tərəfindən də böyük maraq var. Həmin balın yetişdirilməsi ilə məşğul olan arıçılardan biri də Saatlı sakini Etiram Məmmədovdur.


Saatlıda biyan balının süzümünə başlanılıb. İldə bir dəfə əldə olunan bu məhsulun bir çox özünəməxsus xüsusiyyətləri var.


Etiram Məmmədov bildirib ki, qida məhsulu kimi istifadə olunan biyan balı həm də bir çox xəstəliklərin müalicəsində faydalı xüsusiyyətlərə malikdir. 1993-cü ildən iki arı ailəsi ilə bu təsərrüfatla məşğul olmağa başladığını söyləyən E.Məmmədov deyib: "Faydalı olduğu üçün bu bitkinin çiçəklərindən çəkilən nektarın da keyfiyyətli olacağını düşünməkdə yanılmadım. Azərbaycanda, demək olar ki, biyandan balı ilk dəfə mən əldə etmişəm. Dadlı və faydası çox olduğu üçün biyanlıq sahədə arı ailələrinin sayını artırdım. Bu məhsulun nəinki ölkəmizdən, hətta Yaponiyadan da müştəriləri var. Biyan balına görə, hətta üç il Yaponiyadan alıcılar gəlib. Bu il pandemiya bu sahəyə də təsirsiz ötüşməyib. Buna baxmayaraq, məhsulun ixracı üçün mümkün variantlar araşdırılır. Burada ərsəyə gələn biyan balının əsas səbəbi 100 hektarlıq sahədə bu bitkinin olmasıdır. Elə bu səbəbdən də hər il olduğu kimi, bu ildə bol məhsul var. Hər qutudan orta hesabla 30 kq bal toplamağı, bir tondan çox məhsul əldə etməyi düşünürəm”.


Digər arıçılar da biyan balının spesifik xüsusiyyətlərinin olduğunu bildiriblər. Arıçı Ağamir Ağayev söyləyib ki, biyan balının süzümü iyun ayının sonu, iyulun əvvəlinə təsadüf edir. Bu balın faydasından danışan arıçı bildirib ki, biyan jenşen bitkisinə bərabər tutulur. Onun çiçəklərindən əmələ gələn bal məhsulu bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Əsasən öskürəyə qarşı, bronxlara və immunitetin güclənməsinə müsbət təsiri var. Arıçı qeyd edib ki, Azərbaycanın bu sərvətini qorumaq, saxlamaq və bəhrələnmək əsas şərtlərdəndir.


Qeyd edək ki, bu günə kimi Saatlı rayonunda arıçılar tərəfindən ilk bal süzümü tam olaraq yekunlaşıb. Hazırda ikinci süzümlə yanaşı, biyan balının süzümü davam edir. (AZƏRTAC)

Xəbər lenti