Xəzər Xəbər

Azərbaycanın Asiya İnkişaf Bankı ilə əlaqələri böyük əhəmiyyət daşıyır - VİDEO

Veb TV | 20:44 • 2 İyun 2020
Azərbaycanın Asiya İnkişaf Bankı ilə əlaqələri böyük əhəmiyyət daşıyır -

Avropanın enerji təhlükəsizliyində böyük rol oynayan Azərbaycan Asiya məkanında da kifayət qədər etibarlı və nüfuz sahibi olan imicə sahibdir.

Asiya İnkişaf Bankının təşəbbüsü ilə Prezident İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında videokonfransın keçirilməsi bunun əyani göstəricilərindən biridir.

2015-ci ildən başlayaraq Asiya İnkişaf Bankı ilə Azərbaycan arasında əlaqələr daha da inkişaf edib. Təsadüfi deyil ki, Asiya İnkişaf Bankı Cənub Qaz Dəhlizi layihəsinə kredit verən böyük beynəlxalq banklar arasında birinci olub. Hazırda isə ikitərəfli əlaqələr özəl sektor, infrastrukturun inkişafı, kiçik və orta müəssisələrə dəstək istiqamətləri üzərində qurulub. Videokonfransda da qeyd olunub ki, pandemiyanın iqtisadiyyata mənfi təsirlərini azaltmaq, işini itirmiş insanları, aztəminatlı insanları və hətta qeyri-formal məşğulluğa cəlb olunmuş insanları dəstəkləmək üçün 2 milyard avrodan çox vəsait ayrılıb.

Millət vəkili Vüqar Bayramov deyir ki, pandemiyaya qarşı mübarizə tədbirləri ilə yanaşı, iqtisadiyyatın artımının da təmin edilməsi önəmli hadisə hesab edilməlidir.

Azərbaycan iqtisadiyyatının dayanıqlığını göstərən məqamlardan biri isə budur ki, pandemiya dönəmində dünyanın 150-dən çox ölkəsi maliyyə dəstəyi üçün beynəlxalq maliyyə institutlarına müraciət edib. Azərbaycan isə nəinki onların arasında olmayıb, hətta bir sıra ehtiyacı olan ölkələrə yardım göstərilməsində fəal iştirak edib. Videokonfransda Asiya İnkişaf Bankının prezidenti Masatsuqu Asakava da Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına, o cümlədən bu sahədə ehtiyacı olan dövlətlərə ianə ayırmasını təqdirəlayiq hal kimi qiymətləndirib.

Vüqar Bayramovun fikrincə, qeyri-neft sənayesində 16 faizdən çox artım göstərir ki, islahatlar pandemiya dönəmində daha dərin şəkildə həyata keçiriləcək və iqtisadiyyatın şaxələnməsi üçün imkanlar genişləndiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti