Son 12 saat ərzində Özbəkistanda COVID-19-a yoluxanların sayı 44 nəfər artaraq 342-yə çatıb.
Özbəkistan Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə verilən məlumata görə, yeni yoluxanlar karantində olanlardır.
Özbəkistanda indiyədək bu virusdan 30 nəfər sağalıb, 2 xəstə dünyasını dəyişib. Ölkə ciddi özünütəcrid rejiminə keçib, velosiped və skuterlər ilə küçəyə çıxmaq da qadağan edilib. Aprelin 6-dan etibarın bazar və supermarketlərin girişində hər kəsin hərarəti yoxlanılacaq. Hərarəti 37-dən yuxarı olan şəxslər içəriyə buraxılmayacaq və onlara həkimə müraciət etmək tövsiyə olunacaq.
Nazirliyin məlumatına görə, hazırda stasionar və ev şəraitində karantində 100 mindən çox adam var.