Xəzər Xəbər

İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb

Dünya | 15:08 • 29 Mart 2020
İranda virusa yoluxan və ölənlərin sayı yenidən artıb

İranda koronavirusa yoluxanların sayı 38 min 309, ölənlərin sayı isə 2 min 640 nəfərə çatıb.

Bu barədə açıqlamanı İranın Səhiyyə Nazirliyi yayıb. Qeyd olunub ki, 12 min 309 nəfər xüsusi xəstəxanalarda müalicə alaraq sağalıb və evə buraxılıblar. Nəzərə çatdırılıb ki, ölkənin müxtəlif vilayətlərində yaradılan tibb məntəqələrində 40 milyon insan testdən keçirilib. Virusa yoluxanlar xüsusi xəstəxanalara göndərilir.

İran ordusunun nümayəndəsi general Şahin Tağızadə bəyan edib ki, orduya məxsus tibbi müəssisələri ölkənin müxtəlif vilayətlərində 7 min səyyar xəstəxana yaradıblar. Bu xəstəxanalar virusa yoluxanların istifadəsinə veriləcək. Onun sözlərinə görə hazırda 32 hərbi xəstəxana virusa yoluxanların istifadəsindədir. Əsgərlər 21 vilayətdə dezinfeksiya işlərində fəal iştirak edirlər.

Prezident Həsən Ruhani ölkənin tibb alimləri – virusoloq, immunoloq və infeksionistləri ilə videokonfrans keçirib və koronavirus pandemiyasını müzakirə edib. Prezident həkimlərə göstərdikləri fədakarlığa görə təşəkkür edib.

İranın səhiyyə və tibb təhsil naziri Səid Nəmaki görülən işlər haqqında Prezidentə məlumat verib və bildirib ki, vaksin hazırlanması üzərində iş davam edir. H. Ruhani alimlərə koronavirusa qarşı vaksinin hazırlanması işini sürətləndirməyi tapşırıb və dövlət tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyini bildirib. (AZƏRTAC)

Xəbər lenti