Xəzər Xəbər

Dünya Səhiyyə Təşkilatı koronavirusa qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb

Dünya | 15:54 • 28 Fevral 2020
 Dünya Səhiyyə Təşkilatı koronavirusa qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb

Dünya Səhiyyə Təşkilatı (DST) yeni növ koronavirusun dünyanın müxtəlif ölkələrində yayılması ilə əlaqədar vəziyyətin "həlledici məqama” çatdığını elan edib.


DST-nin baş direktoru Tedros Gebreyesus mətbuat konfransında dünya ölkələrini virusun yayılmasına qarşı mübarizədə tez və qətiyyətli addımlar atmağa çağırıb. O, qeyd edib ki, qətiyyətli və erkən atılan addımlar virusun "məskunlaşması”nın və bununla da yoluxma hallarının qarşısını ala bilər.

T. Gebreyesus eyni zamanda Çin Xalq Respublikasında infeksiyanın qarşısının alınması üçün görülən tədbirləri yüksək qiymətləndirib və qeyd edib ki, bu tədbirlər həqiqətən yoluxma hallarının azalması və nəticədə epidemiyanın aradan qalxması ilə nəticələnə bilər. DST-nin rəhbəri bir sıra ölkələrdə ilk dəfə yoluxma hallarının elan olunmasını da narahatlıq doğurduğunu, bununla belə infeksiyanın qarşısının alınması üçün şansların yüksək olduğunu ifadə edib: "Əgər infeksiyaya qarşı aqressiv reaksiya göstərilsə, o zaman infeksiyanın yayılmasını dayandıra və insanların həyatını xilas edə bilərsiniz”. Bunun üçün infeksiyanın erkən müəyyən edilməsi, xəstələrin təcrid edilərək karantinə alınması və yoluxmuş xəstələrlə təmasda olan şəxslərin nəzarətə götürülməsi daxildir. (AZƏRTAC)

Xəbər lenti