Xəzər Xəbər

Türkiyədəki güclü zəlzələnin fəsadları ilə bağlı SON RƏQƏMLƏR

Dünya | 13:21 • 28 Yanvar 2020
Türkiyədəki güclü zəlzələnin fəsadları ilə bağlı

24 yanvarda Türkiyənin Elazığ və Malatya şəhərlərində baş vermiş 6,8 bal gücündəki zəlzələnin törətdiyi fəsadlar açıqlanıb.

XəzərXəbər İHA-ya istinadən xəbər verir ki, dağıntı baş verən yerlərdə aparılan xilasetmə və araşdırma işləri yekunlaşıb.

Məlum olub ki, Elazığ, Malatya, Diyarbəkir, Adıyaman və Kahramanmaraşda ümumilikdə 12 min 829 binada irili-xırdalı uçqunlar qeydə alınıb. Onlardan 3077 binaya daha çox ziyan dəyib. Yaşamaq üçün yararsız vəziyyətə düşən 279 bina xüsusi texnikalarla uçurulub.

Zəlzələnin fəsadlarının aradan qaldırılması üçün Türkiyə Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) Elazığ və Malatya Valiliklərinə 3 milyon lirə ayırıb. Türkiyə miqyasında aparılan yardım kampaniyasında isə ümumilikdə 56 milyon 51 min 960 lirə toplanıb.

Evləri uçan və çatlar yaranan sakinlərin yerləşdirilməsi üçün 25 min 393 çadır quraşdırılıb. Çadırlarda yerləşdirilənlər üçün 26 mindən çox yataq, 66 mindən çox yorğan və 4 mindən çox elektrikli qızdırıcılar verilib.

Qeyd edək ki, 6,8 ballıq zəlzələdən sonra ümumilikdə 1077 avtoşok qeydə alınıb. Onlardan 22-si 4 baldan çox olub. Zəlzələ nəticəsində 41 nəfər ölüb, dağıntılar altından 45 nəfər sağ çıxarılıb. 1607 nəfər xəsarət alıb. Onlardan 1523-ü müalicədən sonra evə buraxılıb.

Xəbər lenti