Xəzər Xəbər

Qrip virusu və onunla mübarizə formaları

Cəmiyyət | 16:54 • 27 Yanvar 2020
Qrip virusu və onunla mübarizə formaları

Mülayim və ya həddən artıq soyuq keçən havalar bir çox xəstəliklərin yaranmasına gətirib çıxara bilər. Qrip hazırda insanlar arasında ən çox yayılmış infeksiyalardan biridir. Onun ilkin əsas əlamətləri baş, boğaz, sinə ağrıları, öskürək, asqırma və titrəmədir. Qısa müddətdən sonra isə həmin əlamətlər sırasına hərarət, burun axması, əzələ ağrıları və halsızlıq əlavə olunur. Qrip müalicə edildikdə 2-7 gün, müalicə edilmədikdə isə yeddi gündən artıq davam edə bilər. Qrip zamanı orqanizmdə olan digər xəstəliklər də baş qaldıra bilər. Ona görə də bu infeksiyanın qarşısını vaxtında almaq məsləhət görülür.


Bu barədə AZƏRTAC-a məlumat verən paytaxtdakı 26 nömrəli Birləşmiş Şəhər Xəstəxanası uşaq poliklinikasının pediatr-infeksionisti Aytən Ziyadovanın dediyinə görə, qrip virusu öskürmə və ya asqırma zamanı hava-damcı yolu ilə ətrafdakılara ötürülür. Virusun mövcud olduğu səthlərə təmas edilən zaman yoluxma halı yüksək olduğuna görə sürətlə yayılır.


Həkim-infeksionist deyib: "Qripin əlamətlərinə yüksək hərarət, əzələ ağrıları, öskürək, başağrısı və xroniki yorğunluq daxildir. Qripə yoluxanların əksəriyyəti tamamilə yaxşılaşır, bəzən isə tənəffüs yollarının infeksiyası və ya pnevmoniya ilə bağlı şikayətlər meydana çıxır. Xəstəliyin ağırlaşmalarına körpələr, yaşlılar, ürək və ya ağciyər xəstəliyindən əziyyət çəkənlər, hamilə qadınlar, eləcə də immun sistemi zəif olan şəxslər arasında daha tez-tez rast gəlinir. Bəzən ağırlaşmalar daha ağır fəsadlar verə bilər. Qrip virusunun A, B və C tipli 3 növü var. Daha çox A və B tipli virus əhali arasında geniş yayılıb. Qış fəslində qrip virusunun müxtəlif növləri epidemiyaya çevrilərək yoluxma ehtimalını artırır və onu mövsümi qrip adlandırırlar. Mövsümi qrip epidemiyası dövründə yayılmış qrip virusuna yoluxma ehtimalı daha çoxdur. Qış aylarında həmin dövr əksər hallarda 6-8 həftə davam edir”.


O, xəstəliyin profilaktikası barədə bildirib: "Qripə qarşı peyvənd aparılması bir il ərzində mövsümi qripə yoluxma halının qarşısını alır. Peyvənd olunan hər 10 nəfərdən 7-8-də xəstəliyə qarşı immunitet güclənir. Vurulan vaksin qarşıdan gələn qış mövsümündə baş verməsi gözlənilən qrip virusu ştamından hazırlanır və öskürək, soyuqdəymə və qripə bənzər xəstəliklərə səbəb ola biləcək digər viruslu infeksiyanın qarşısını alır. Böyüklər üçün tətbiq olunan vaksində, adətən, aktiv qrip virusu olmur. Bu o deməkdir ki, vaksin qrip və ya digər infeksiyalar yaratmır. Qripə qarşı vaksin tətbiq olunandan az sonra öskürək və ya soyuqdəymə təsadüf nəticəsində baş verə bilər”.

Xəbər lenti