Xəzər Xəbər

Azərbaycanda qaçqın statusu almış şəxslərə ilk dəfə “Yol sənədi" verilib

Gündəm | 11:38 • 23 Yanvar 2020
Azərbaycanda qaçqın statusu almış şəxslərə ilk dəfə “Yol sənədi" verilib

Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə "Yol sənədləri”nin verilməsi ilə bağlı yanvarın 23-də Dövlət Miqrasiya Xidmətində (DMX) tədbir keçirilib.


Xezerxeber.az xəbər verir ki, tədbirdə müxtəlif dövlət qurumlarının, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun, qeyri-hökumət təşkilatlarının (QHT) təmsilçiləri iştirak ediblər.


Tədbirdə çıxış edən Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov DMX tərəfindən hazırlanan və Azərbaycan Respublikasında qaçqın statusu almış şəxslərə, eləcə də onların ailə üzvlərinə ölkə hüdudlarından kənarda hərəkət etmək hüququ verəcək "Yol sənədi"nin əhəmiyyəti və üstünlükləri barədə məlumat verib. Bildirib ki, "Yol sənədi” Qaçqınların statusu haqqında 1951-ci il tarixli Konvensiyaya uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda hərəkət etmək hüququ verən sənəddir.


Xidmət rəisi qeyd edib ki, beynəlxalq tələb və standartlara uyğun hazırlanan "Yol sənədi” beş il müddətinə verilir. Ölkəmizdə qaçqın statusu əsasında yaşayan 83 əcnəbinin bu gündən etibarən "Yol sənədi” ilə təmin olunması prosesinə başlanılıb.


Qaçqınların inteqrasiyasının önəmini diqqətə çatdıran BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı nümayəndəliyinin hüquq şöbəsinin müdiri Oktavian Mohorea Azərbaycan dövlətinin verəcəyi "Yol sənədi”nin qaçqın statusunda yaşayanlar üçün əlavə imkanlar yaradacağını və bu yeniliyin tətbiqi ilə bundan sonra onların xarici ölkələrə asanlıqla gedib-gələ biləcəklərini söyləyib.


Sonra Azərbaycanda qaçqın statusu almış şəxslərə "Yol sənədi” təqdim edilib.


Xəbər lenti