Xəzər Xəbər

Britaniya Avropa Birliyindən çıxmağa hazırdır - Boris Conson

Dünya | 08:40 • 23 Yanvar 2020
Britaniya Avropa Birliyindən çıxmağa hazırdır -

Britaniyanın Baş naziri Boris Conson əminliklə bildirib ki, "Brexit” qanun layihəsinin ölkə parlamentinin hər iki palatası tərəfindən təsdiqləndikdən sonra Krallıq planlaşdırılan tarixdə - yanvarın 31-də Avropa Birliyini (AB) tərk etməyə hazırdır.


Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Baş nazirin Katibliyi məlumat yayıb.

"Parlament Avropa Birliyini tərk etmək üçün qanunu qəbul edib. Bu o deməkdir ki, Birləşmiş Krallıq yanvarın 31-də AB-dən çıxacaq və bütövlükdə əsas hədəfə doğru irəliləyəcək. Bəzən görünürdü ki, heç vaxt "Brexit” finiş xəttini keçməyəcəyik, amma nəhayət, buna nail olduq”, -deyə Baş nazir deyib.

Conson "Brexit” tərəfdarlarını və əleyhdarlarını çəkişmələrə son qoymağa və Krallığın aktual problemlərinin həllinə, cinayətkarlığa qarşı mübarizəyə və xəstəxanaların fəaliyyətinin yaxşılaşdırılmasına diqqət yetirməyə çağırıb.

Qeyd edək ki, yanvarın 22-də Britaniya Parlamentinin Lordlar Palatası "Brexit" sazişini təsdiqləyib.

Qanun layihəsi parlamentdəki bütün mərhələlərdən keçib.

Layihənin bu gün Kraliçaya təqdim edilməsi gözlənilir.

Xəbər lenti