Xəzər Xəbər

“Toyota” 3,4 milyon avtomobilini geri çağırır

Texnologiya | 08:57 • 22 Yanvar 2020
“Toyota” 3,4 milyon avtomobilini geri çağırır

Yaponiyanın avtomobil istehsalı sahəsində tanınmış "Toyota Motor Corp.” şirkəti elektron sistemində nasazlığa görə dünya üzrə 3,4 milyon ədəd avtomobilini geri çağırır. Həmin nasazlığın qəza zamanı təhlükəsizlik yastığının açılmasına problem yarada biləcəyi qeyd edilir.


AZƏRTAC xəbər verir ki, bu barədə yanvarın 22-də "Toyota Motor Corp.” şirkəti özü məlumat yayıb. Şirkətin bəyanatında qeyd edilir ki, bu nasazlığa görə, ABŞ-da 2,9 milyon ədəd avtomobil geri çağırılır. Bu avtomobillərin sırasında "Corolla” (2011-2019-cu illər), "Matrix” (2011-2013-cü illər), "Avalon” (2012-2018-ci illər) və "Avalon Hybrid” (2013-2018-ci illər) modelləri var.


Əlavə olaraq bildirilir ki, avtomobillərdə quraşdırılmış elektron blok qəza zamanı elektrik yayınmadan kifayət qədər müdafiə qabiliyyətinə malik deyil və bu, təhlükəsizlik yastığının işində problemlər yarada bilər.


Həmin nasazlığı aradan qaldırmaq üçün şirkət yayınmalara qaşı xüsusi müdafiə sistemi quraşdırmağı planlaşdırır.

Xəbər lenti