Xəzər Xəbər

Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib VİDEO

Veb TV | 20:52 • 21 Yanvar 2020
Prezident İlham Əliyev Davosda bir sıra görüşlər keçirib

Prezident İlham Əliyev ötən gün Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərə gedib. Dövlət başçısı Davosda bir sıra görüşlər keçirib.

Ötən gün Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfəri başlayıb. Dövlət başçısı Davosda "VTB Bank"ın prezidenti-idarə heyətinin sədri Andrey Kostinlə görüşüb. Görüşdə "VTB Bank"ın Azərbaycanda uzun müddət uğurlu fəaliyyət göstərdiyi qeyd olunub. Bildirilib ki, Dövlət Neft Fondu ilə "VTB Bank" arasında səmərəli əməkdaşlıq davam edir. Prezident İlham Əliyev "VTB Bank"ın Azərbaycan iqtisadiyyatının real sektoruna kredit qoyuluşunun artırılmasını təklif edib.

Andrey Kostin təklifə müsbət yanaşdığını bildirib və dövlət başçısını əmin edib ki, "VTB Bank" bu istiqamətdə fəaliyyətini daha da genişləndirəcək.

Prezident İlham Əliyevin Davosda "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteynlə də görüşü olub. Görüşdə "Carlyle Group" şirkətinin həmtəsisçisi Devid Rubenşteyn rəhbərlik etdiyi qurumla Dövlət Neft Fondu arasında əməkdaşlığı yüksək qiymətləndirib və bu əməkdaşlığın gələcək istiqamətləri barədə dövlət başçısına məlumat verib.

Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının inkişaf etdiyini, ötən il ölkəmizdə qeyri-neft sənayesinin 14 faiz, kənd təsərrüfatının isə 7 faiz artdığını bildirib. Söhbət zamanı Azərbaycanda əlverişli investisiya mühitinin yaradıldığı qeyd edilib. Ölkəmizlə vəsaitlərin idarə olunması sahəsində dünyanın aparıcı şirkətlərindən biri olan "Carlyle Group" arasında əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğu vurğulanıb.

Prezident İlham Əliyev Davosda "CISCO" şirkətinin icraçı vitse-prezidenti və baş maliyyə direktoru Kelli Kramerlə də görüşüb. Görüşdə "CISCO" şirkəti ilə Azərbaycanın uzun müddətdir müxtəlif sahələrdə əməkdaşlıq etdiyi bildirilib. Qeyd olunub ki, "CISCO" şirkəti hazırda ölkəmizdə prioritet istiqamətlər üzrə layihələr reallaşdırmaqdadır. Bu layihələrin bir çoxunun ilkin mərhələləri artıq həyata keçirilib.

Prezident İlham Əliyev "CISCO" şirkətinin Azərbaycan üçün önəmli tərəfdaş olduğunu qeyd edib. Kelli Kramer isə deyib ki, Azərbaycan "CISCO" şirkəti üçün regionda ən önəmli ölkədir.

Prezident İlham Əliyev Davosda həmçinin "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart ilə görüşüb. Dövlət başçısı ölkəmizdə investisiya və biznes mühitinin daha da əlverişli olması istiqamətində islahatların davam etdiriləcəyini, xarici və yerli investorlar üçün vergi, gömrük və digər sahələrdə proqnozlaşdırıla bilən siyasətin həyata keçiriləcəyini vurğulayıb.

Görüşə görə Prezident İlham Əliyevə minnətdarlığını bildirən "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Cees't Hart bu imkanlardan faydalanaraq Azərbaycana investisiya qoyuluşunu artırmaq niyyətində olduqlarını qeyd edib.

Söhbət zamanı məlumat verilib ki, bu ildən başlayaraq "Carlsberg Group" şirkəti kənd təsərrüfatı sektoruna da investisiya qoyuluşunu həyata keçirəcək və bu istiqamətdə artıq pilot layihələrin icrasına başlanılıb.

Xəbər lenti