Xəzər Xəbər

Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək

Gündəm | 14:47 • 16 Dekabr 2019
Bakıda TÜRKPA-nın 9-cu plenar iclası keçiriləcək

Dekabrın 18-də Bakıda Milli Məclisin ev sahibliyi ilə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) 9-cu plenar iclası keçiriləcək.


Milli Məclisin mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, iclasdan əvvəl Assambleya Şurasının toplantısı olacaq və təşkilata sədrlik Türkiyə Böyük Millət Məclisindən Azərbaycan Respublikasının Milli Məclisinə təhvil veriləcək.


Tədbirdə üzv ölkələrin parlament sədrlərinin rəhbərliyi ilə nümayəndə heyətləri, o cümlədən türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər.


Plenar iclasın gündəliyinə TÜRKPA daimi komissiyalarının iclaslarının hesabat məruzələri və tövsiyə qərarları, model qanunların qəbulu, Qazaxıstanda keçirilən növbədənkənar prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı, eləcə də təşkilatın hüquqi sənədlərinin qəbulu daxildir.


Plenar iclasın yekununda Bakı Bəyannaməsi qəbul ediləcək.

Xəbər lenti